13 İyun 2022 14:48
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilib. İmtahan zamanı xarici dildən dinləmə səsləri ilə göstərilən mətn uyğunsuz olub. Bu, abituriyentlər tərəfindən narazılıqla qarşılanıb və əlavə vaxt itkisinə səbəb olub.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Teleqraf.com-a açıqmasında bildirib ki, hər bir imtahanda bu kimi texniki problemlərin yaşanması başa düşüləndir.

Onun sözlərinə görə, baş verən hal DİM-in imtahanlara qeyri-peşəkar yanaşdığının göstəricisi deyil: "DİM kifayət qədər peşəkar fəaliyyət göstərir. Doğrudur, baş verən hal imtahan verən şəxslərə əlavə həyəcan, əlavə zaman itkisi yaşadır və nəticələrə birbaşa təsir göstərə bilir.

Bu kimi texniki problemlərin yaşanması ehtimalı hər zaman var. DİM-in təşkil etdiyi imtahanlarda belə xoşagəlməz hallara tez-tez rast gəlinmir. Həm imtahanı təşkil edənin, həm də imtahan verənin qarşılıqlı öhdəlikləri var. Lakin texniki proseslərdən qaynaqlanan problemlərdən heç kim sığortalanmayıbr".

İlqar Orucovun fikrincə, sözügedən imtahanlar ildə 4 dəfə təşkil edilsə, qeyd olunan problemlərə görə imtahan verənlər əlavə vaxt itkisi ilə üzləşməz: "DİM belə imtahanları hər rübdə bir dəfə keçirsin. Bir insan uğur qazanmadısa, növbəti dəfə özünü sınaya bilər. Bütövlükdə bu prosesi idarə etmək mümkündür. Beynəlxalq SAT imtahanlarında nəticələr 2 il qüvvədə qalır. Eyni qaydanı burada da tətbiq etmək olar. Məsələn, uanvarda imtahan verir, növbəti ilin sentyabrında dərslər başlayırsa, nəticə qüvvədə qalsın. İnsanlara bir neçə dəfə imtahan keçirilməsi ilə bağlı seçim verilməsini daha doğru hesab edirəm”.

Qeyd edək ki, baş vermiş texniki problemlə əlaqədar dinləmə mətnlərinin cavablandırılmasında çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən onların bu imtahandakı yalnız dinləmə bloku üzrə nəticələri ləğv edilərək həmin blok üzrə yenidən imtahan təşkil olunacaq. Bu imtahandan toplanılan bal dinləmə bloku üzrə yekun imtahan nəticəsi kimi əsas götürüləcək. Dinləmə bloku imtahanında yenidən iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək (15 İyun Milli Qurtuluş Günü istisna olmaqla) Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) ərizə ilə müraciət edə və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini info@dim.gov.az poçtuna yollaya bilərlər.

İmtahan tarixi barədə yaxın günlərdə əlavə məlumat veriləcək.


Müəllif: Aysel Azad