14 İyun 2022 12:18
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 13-də mədəniyyət naziri Anar Kərimov Qətər Dövlətinin Azərbaycandakı səfiri Faisal bin Abdullah Al-Hanzab və ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı ölkələr arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinin və bu sahədə olan əməkdaşlığın vacibliyi vurğulanıb.

A.Kərimov işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasında Qətər dövlətinin təcrübəsindən faydalanmağın mühümlüyündən bəhs edib.

O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna diqqət çəkib. Ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından söz açıb. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. A.Kərimov Qətəri də bu qlobal çağırışa qoşulmağa dəvət edib.

Görüşdən məmnunluğunu ifadə edən Abdullah Al-Hanzab ölkələr arasında hümanitar və mədəni əməkdaşlıq məsələlərinə toxunub. Həmçinin Anar Kərimovu Qətər dövlətinə rəsmi səfərə dəvət edib.

Görüş tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.


Müəllif: Teleqraf.com