17 İyun 2022 12:32
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşacaq insanların köçürülməsinə start verilib. İlk olaraq Zəngilan rayonunun Ağalı kəndində məskunlaşacaq sakinlər arasında köçürülmə ilə bağlı püşkatma formasında bölgü aparılıb. Bununla da yaxın günlərdə köçürüləcək ilk məcburi köçkün ailələrinin siyahısı müəyyənləşib. Yeni salınmış Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi nəzərdə tutulub. Zəngilan rayonu Ağalı kəndində ölkədə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “ağıllı kənd” layihəsi icra olunur. Burada 200 evin inşası artıq başa çatıb.

Ağalıya köçəcək Fərmayıl İsmayılov Teleqraf.com-a uzun illər bu məqamın həsrətində olduqlarını söyləyib: “Bu, bizim üçün ən sevincli bir tarixdir. Uzun illərdir həsrətini çəkdiyimiz torpağımıza, təbiətimizə qovuşuruq. Gedib torpağımızda əzizlərimizin qəbirini ziyarət etmək bizə nəsib oldu. Bu sevincli günləri bizə yaşatdığına görə başda Ali Baş Komandan İlham Əliyev olmaqla Müzəffər Ordumuza, əsgərlərimizə təşəkkür edirik. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Bu, bizim üçün çox qürurverici məqamdır. Ağalı kəndinə ilk qayıdanlardan bir olmaq çox sevindiricidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı olaraq 7-8 aydır rayonumuzda iş fəaliyyəti ilə əlaqədar qalmışam”.

Fərmayıl İsmayılov Ağalıda dövlət başçısının diqqət və qayğısı ilə yüksək səviyyəli bir yaşayış məntəqəsinin salındığını söyləyib: “Smart tipli evləri 30 ildən sonra erməni tapdağından azad edilmiş torpaqlarımızda görmək olduqca qürurvericidir. Ağalıya köçən ilk 41 ailədən bir olmaq da bizi olduqca sevindirir. Ailəm 7 nəfərdən ibarətdir. Yəqin ki, mən də öz işimi elə Ağalıda peşəmə uyğun davam etdirəcəyəm. Sözsüz ki, təəssüratlarımız böyükdür. Kəndimizə qayıdaq, orada gəlib qonağımız olarsınız. Ağalıda qapımız hamının üzünə açıqdır. Ağalıya dönən ilk sakin olaraq orada Azərbaycanımızın hər yerindən qonaq qarşılamağa hazırıq”.

Zəngilan rayon Ağalı kənd sakini Firəngiz Səlimova da öz evlərinə köçmələri ilə bağlı sevincini bölüşüb: “Elimizə-obamıza, torpağımıza qayıtmağımızda əməyi, zəhməti olan hər bir kəsə - başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, qəhrəman oğullarımıza, şəhidlərimizə borcluyuq. Biz şəhidlərimizin, qazilərimizin, qəhrəman oğlanlarımızın rəşadəti sayəsində öz evimizə qayıdırıq. İndi o qədər qürur hissi yaşayırıq ki, bunu sözlə ifadə etmək çox çətindir. Hər dəfə rayonumuzdan, kəndimizdən söz düşəndə həyəcan keçiririk, qəhərlənirik”.

Firəngiz Səlimova qeyd edib ki, Zəngilan rayonunu 31 yaşında tərk etməli olub: “Ağalıdakı bağçada təsərrüfat müdiri işləyirdim. Kəndimizdən çıxanda bizim ailə 8 nəfərdən ibarət idi. Bu 30 illik işğal dövründə ailəmizin 3 üzvü dünyasını dəyişdi. Bu gün isə biz öz Ağalımıza oğlum, gəlinim, nəvələrimlə qayıdırıq. Sözsüz ki, kəndimizə böyük ümidlərlə, sevinclə geri dönürük. Zəngilanımızın azad olunması xəbərini eşidəndən doğma rayonumuza qayıtmağa hazırlaşırdıq, artıq əşyalarımızı yığmışıq, günü bu gün kəndimizə köçə bilərik. Hamı öz yurduna qayıtmalıdır. Hisslərimizi ifadə edə bilmirik. İnşallah evimizə qayıdaq hər şey yaxşı olacaq. Torpağımıza qayıtmaq bizim üçün ən böyük hədiyyədir. Təsəvvürə gətirə bilmirəm ki, kimsə öz torpağına qayıtmayacaq. Çünki o torpaqlar bizim üçün Məkkə, Mədinə kimi əzizdir. O torpaqların hər qarışında şəhid qanı, əsgərimizin sağlamlığı var. Analar övladlarını bizim o torpaqlara qayıtmağımız üçün qurban verib. Buna laqeyd yanaşsaq, Allah bunu bizə bağışlamaz. Ona görə də, təəssüratlarımız çox böyükdür. Ağalıda evimdə sizi qonaq gözləyirəm”.


Müəllif: Tapdıq Qurbanlı