21 İyun 2022 16:00
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 21-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda 2022-ci ilin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Teleqraf.com xəbər verir ki, buraxılış mərasimində Milli Müdafiə Universitetinin və hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, hərbi institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor, general-leytenant Heydər Piriyev təntənəli mərasimdə çıxış edərək əlamətdar gün münasibətilə məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, gənc zabitlərə gələcək xidmətlərində uğurlar arzulayıb. General-leytenant H.Piriyev son illərdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsindən, hərbi institutun zabit və kursantlarının Vətən müharibəsində iştirakından danışıb.

Gənc zabitlər də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər.

Sonra hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə diplom və hədiyyələr verilib.

Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra yaş kötüyünə simvollar vurulub.

Hərbi orkestrin və kursantların ifasında hərbi institutun marşı ifa edilib.

Buraxılış mərasimi şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb.


Müəllif: Teleqraf.com