23 İyun 2022 17:51
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturda tələbələrin valideynləri, AzTU-nun ictimai şurasının üzvləri, media nümayəndələri iştirak edib.

Teleqraf.com xəbər verir ki, mediatur çərçivəsində iştirakçılar universitetin auditoriyalarında imtahan prosesini izləyib və cavabların yoxlanılması haqqında məlumatlandırılıblar.

İmtahan prosesi haqqında danışan rektor Vilayət Vəliyev bildirib ki, universitetdə imtahanlar test üsulu, yazılı və şifahi formalarda aparılır.

Onun sözlərinə görə, imtahan nəticələri dərhal elektron sistemdə qeydə alınır: "Ali məktəbdə 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 3-də başlayıb və iyulun 5-nə kimi davam edəcək. Üç növbə üzrə keçirilən imtahanlar texniki fənlər üzrə şifahi, humanitar fənlər üzrə test üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib".

Vilayət Vəliyev qeyd edib ki, qiyabi formada təhsil alan tələbələr üçün imtahan sessiyası iyunun 22-dən iyulun 1-nə kimi keçiriləcək: "Qiyabi təhsil alan I və II kurs tələbələrinin imtahanları test, III və IV kurs tələbələrinin imtahanları isə şifahi üsulla aparılır.

Ümumilikdə sessiya müddətində bakalavriat səviyyəsində 5922 tələbə, magistratura səviyyəsində isə 1000 nəfərin imtahanlarda iştirakı nəzərdə tutulur. Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələləbələrə sessiya bitdikdən sonra imtahan vermək üçün şərait yaradılacaq.
Sonuncu kurs tələbələrinin (bakalavriat səviyyəsi üzrə 2000, magistratura səviyyəsi üzrə 500 tələbə) Yekun Dövlət Attestasiyası və dissertasiya müdafiəsi iyunun 22-dən başlanıb və iyulun 5-nə kimi davam edəcək".

Mediaturun sonunda valideynlərin və mətbuat nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə onları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, imtahan sessiyasının təşkili ilə əlaqədar universitetdə Qərargah və Apellyasiya Komissiyası yaradılıb.


Müəllif: Aysel Azad