23 İyun 2022 15:55
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati qaydada tərtib olunmuş protokol üzrə məhkəmə qərarı açıqlanıb.

Teleqraf.com-un xəbərinə görə, Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baş tutan iclasda Səhiyyə Nazirliyinin apardığı yoxlamalar üzrə tərtib etdiyi protokol təsdiq olunub.

Klinika 6 min manat məbləğində cərimə olunub.

“Qaragözova” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsi ilə protokol yazılıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Qaragözova” MMC Nəsimi rayonu ərazisində tibbi klinika kimi fəaliyyət göstərir.

Mətbuatda yayılan məlumata görə, “Qaragözova” MMC Milli Məclisin üzvü Ağalar Vəliyevə məxsusdur.


Müəllif: Hacı Zeynalov