14 İyul 2022 18:28
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada:

... Bir müddət İranda yaşamış azərbaycanlı mühacirlərdən biri də Cümhuriyyətin gənc zabitlərindən Əjdər Qurtulandır.

Əsl soyadı Babazadə olan Əjdər Qurtulan 1898-ci ildə Bakıda doğulub. İlk və orta təhsilini bitirdikdən sonra Bakıda hərbi məktəbə daxil olub. Buranı tamamladıqdan sonra orduda xidmətə başlayıb.

Bakının işğalından sonra bolşeviklər milli ordunu dağıtmaq üçün ya onun üzvlərini öldürür, həbs edir, ya da İran üzərinə göndərərək orada həlak olmasını istəyirdilər. Əjdər də bir müddət İranda qalır, daha sonra gizli “Müsavat”ın göstərişi ilə Bakıya dönür. 1923-cü ilin 15 iyununda İstiqlal Komitəsinin bir çox üzvləri kimi, o da saxlanılır.

1927-ci ildə Əjdər bəy yenidən həbs edilir. Bu dəfə isə o ya öldürüləcək, ya da Solovkiyə sürgün ediləcəkdi. Buna görə də İran səfirliyi ilə əlaqəsi olan yaxınlarının sayəsində ona İran pasportu düzəldilir. Bununla bağlı oğlu Eldəniz Qurtulan yazır:

“... Növbə ona gəldiyi zaman başqaları kimi sənədlərini uzatdı və tək-tək dedi: “Qəni oğlu Əjdər Babazadə, 1898-ci il Bakı doğumlu... Nüfus məmuru sənədlərini almadı, altdan-yuxarı süzdü və hirsli şəkildə dedi: “İllallah, siz mühacirlərdən. Bax, diqqətlə dinlə məni. Bir, 1898 miladidir, xristian ilidir, onu unut, burada keçərli deyil. Burada hicri-şəmsi keçərlidir... İki, sabahdan bəri yüzlərlə Babazadə soyadı yazdım, artıq yazmıram, başqa bir soyad söylə, həm də “ev”li, “ov”lu olmasın. Tez ol, sırada gözləyənlər var”... Əjdər sıradan çıxdı... Nüfus məmuru dəftərinə nə yazsın? Səriyyənin dediyi kimi Qaçqın yazsın? Xeyr, mən qaçmadım ki... Elə isə Sürgün! Xeyr, o da doğru deyil, mən sürgün edilmədim. Nəyəm mən? Mən qurtuldum. Tamam!... Yeni bir həyat başlayır... Qurtulanla başlasın... Əjdər Qurtulan”.

Əjdər bəy əvvəlcə Rəşt, daha sonra Tehrana sığınır. Tehranda Məhəmmədəmin Rəsulzadə ilə əlaqə qurur, onun buradakı təmsilçisi olur. “İstiqlal” qəzetinin, “Qurtuluş” jurnalının İranda mühacirlər arasında yayılmasında fədakarlıq göstərir.

Mühacir Əbdülvahab Yurdsevər Əjdər bəyin vəfatı ilə bağlı qələmə aldığı məqaləsində onunla Bakıda hələ gənclik illərindən etibarən dostlaşdığını, Nəsrullah Rzabəylinin evində toplantılar keçirdiklərini qeyd edib. Yurdsevər 1934-1938-ci illərdə Tehranda qaldığı müddətdə də mütəmadi olaraq Əjdər Babazadə, şimali qafqazlı Aytek Kundukla müzakirələr apardıqlarını yazıb.

SSRİ-nin İranda hegemon olduğu 1940-cı illərdə isə Qurtulan burada qalmağın təhlükəli olduğunu düşünüb İranın yüksək vəzifəli şəxslərinin və Türkiyənin İran səfirliyinin dəstəyi ilə yaxın dostu Əli Azərtəkinlə birgə İstanbula gəlib. Əjdər bəy bir tərəfdən ailəsini dolandırmaq üçün bir şirkətdə çalışıb, eyni zamanda, Azərbaycan Kültür Dərnəyinə və onun mətbu orqanı olan “Azərbaycan”a dəstək olub. O, “Azərbaycan” jurnalında milli ordumuzun tarixi ilə bağlı qiymətli xatirə və məqalələr yazıb.

Əjdər bəy 1971-ci il iyulun 6-da İstanbulda Kadıköydə Koşuyolu caddəsində ürək infarktı nəticəsində qaldığı evdə vəfat edib.

Əjdər bəyin Turan xanımla evliliyindən dörd övladı olub: Eldar, Eldəniz, Elbay, Elxan

Turan xanım 1985-ci, Eldar bəy 2005-ci, Eldəniz bəy isə 2007-ci ildə vəfat edib. Elbay bəy hazırda Kanadada, Elxan bəy isə Dallasda yaşayır. Fəridə xanım 2019-cu ildə İstanbulda vəfat edib.

Əjdər bəyin oğlu Eldəniz bəy 1932-ci il avqustun 8-də İranın Ənzəli şəhərində doğulub. İlk təhsilini Tehranda, orta təhsilini Əlburz şəhərində alıb. İstanbul tibb fakültəsini bitirib, uzun müddət ginekoloq-həkim olaraq fəaliyyət göstərib. Eyni zamanda, tərcüməçiliklə məşğul olan Eldəniz bəy Azərbaycan Gənclik Dərnəyinin də başqanı olub. Eldəniz bəyin ən böyük xidmətlərindən biri Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixi ilə bağlı “Amcam Hamlet” romanını qələmə almasıdır. Eldəniz bəy Fəridə xanımla (atasının adı Ağababa, anasının adı Şövkət) ailə həyatı qurub.

İstanbulda Qaraca Əhməddəki Qurtulan ailə məzarlığında bu şəxslər dəfn edilib:

Əjdər Qurtulan (1898, Bakı – 06.07.1971, İstanbul)

Turan Qurtulan (1916, Bakı – 17.03.1985, İstanbul)

Eldəniz Qurtulan (06.05.1932, Ənzəli – 18.04.2007, İstanbul)

Eldar Qurtulan (1939, Tehran – 2005, İstanbul)

Fəridə Qurtulan (11.12.1946, Tehran – 30.03.2019, İstanbul)

Əli Azərtəkin (1905, Bakı – 20.10.1967, İstanbul)

Əjdər bəyin mətbu fəaliyyəti

Əjdər bəyin geniş mətbu fəaliyyəti olmasa da, Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan “Azərbaycan” dərgisində bir sıra yazılar qələmə alıb. Həmin jurnalda dərc olunan məqalələri bunlardır: “27 aprel 1920-ci ildə Azərbaycan Hərbiyyə məktəbinin vəziyyəti”, “Bir tarixin təsbiti. Azərbaycan bayrağı”, “Milli Azərbaycan Hərbiyyə məktəbləri üzərinə”, “Lənkəran vilayətinin qurtuluşu”, “Azərbaycanın İstiqlal marşı və dövlət gerbi üzərinə”, “Əsgəran müharibəsi və Zəngəzur”, “General Süleyman Əfəndizadə”, “Azərbaycan bayrağındakı səkkiz guşəli ulduz üzərinə”, ““Azərbaycan” qəzetinin kolleksiyası haqqında” və s.

Cümhuriyyətin yarırəsmi orqanı olan “Azərbaycan” qəzetinin kolleksiyası haqqında Əjdər bəyin verdiyi məlumat mətbuat tariximiz üçün önəmlidir. Həmin kiçik yazınn mətni belədir: “Azərbaycan milli hökuməti dövründə rəsmi orqan olaraq Bakıda yayımlanan “Azərbaycan” qəzetinin kolleksiyaları vaxtilə Azərbaycanın İstanbuldakı səfirliyində İnformasiya Bürosu tərəfindən yığılmışdı. Bu kolleksiyalar 27 aprel 1920-ci il tarixindən sonra Azərbaycan Milli Şurasının rəisi hörmətli Məhəmmədəmin Rəsulzadənin əlinə keçmiş və 4 cilddən ibarət olan bu dəyərli sənəd bəzi Avropa məmləkətlərini dolaşmış və sonunda II Cahan Hərbində təkrar Türkiyəyə gətirilmişdir.

Ötən il (1966-da – D.Ə) Türkiyəyə gəldiyi zaman məşhur türkoloq professor D.Jaeschke və gənc türkoloq Richard Greenlə kolleksiyaların fotosurətlərinin hazırlanması xüsusunda görüşdük. Nəhayət, Richard Greenin köməyi ilə İstanbulda bu müsbət işi tamamlamış olduq. ABŞ və Avropanın, demək olar ki, bütün kitabxanalarını görmüş türkoloq R.Green heç birində “Azərbaycan” qəzetinin bir sayına da rast gəlmədiyini söyləmişdir. Təkcə İstanbuldakı Millət Kitabxanasında türkcə “Azərbaycan” qəzetinin tək bir sayını tapa bilmişdir. Sağlam şəkildə mühafizə edilə bilinməyəcəyindən daim əndişə edərək müxtəlif çarələr axtarmaqda idik. Bərəkət versin ki, indi fotosurəti alındığı, əlaqədar zatlarla elmi, tarixi müəssisələrə təqdim olunmasından dolayı mənən hüzur və sevinc içindəyik”.

Qeyd edək ki, Əjdər bəyin hələ 1966-cı ildə o zamankı sadə üsullarla başlatdığı bu iş bu gün ADA Universitetində nəfis tərtibatlı iyirmi cildlik kitab şəklində davam etdirilməkdədir.


Müəllif: Dilqəm Əhməd