6 Dekabr 2022 10:00
1 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Qarabağla bağlı Ermənistanla heç bir münasibət qurmur və danışıqlar aparmır. Danışıqların mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya salınması istiqamətindədir. Bəli, ortalıqda təkliflər var, konkret olaraq sülh sazişinə dair. İndi biz gözləyirik ki, Ermənistan bu məsələdə konstruktiv bir mövqe tutacaq, regionda qarşıdurmanın əvəzinə sabitlik və əməkdaşlıq xəttini seçəcək. Odur ki, indi Ermənistanın seçəcəyi yoldan çox şey asılıdır”.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, sabiq dövlət müşaviri Rasim Musabəyov Azərbaycan-Ermənistan danışıqlarının indiki mərhələsini şərh edərkən deyib.

Musabəyov xatırladıb ki, sülh müqaviləsi ilə paralel olaraq sərhədlərin delimitasiya və demorkasiyası, kommunikasiyaların açılması kimi məsələlər də var.

Onun sözlərinə görə, bütün bunlar gündəlikdə durur: “Yeri gəlmişkən, Vaşinqton daha çox sülh müqaviləsi ilə bağlı çalışır. Yəni Brüsseldə dekabrın 7-də planlaşdırılan görüşün baş tutmamasından asılı olmayaraq səylər davam edir. ABŞ-ın Qafqaz üzrə yüksək çinli nümayəndəsi Bakıda, İrəvanda və Tiflisdə olub. ABŞ dövlət katibinin də regiona səfərinin olması da istisna deyil”.

Azərbaycan və Ermənistan arasında kontaktların olmasına gəldikdə sabiq dövlət müşaviri bildirib ki, son 5-6 gündə görüşlərin olmadığını demək mümkündür, halbuki xarici işlər nazirləri ATƏT-in xarici işlər nazirlərinin Varşava sammitində ayaqüstü görüşüblər:

“Həm də indi imkanlar var ki, məsafədən danışıqlar aparılsın, əsas odur ki, danışıq üçün gündəlik olsun. Məsələn, Azərbaycan Ermənistana on üç cəsəd göndərmişdi, indi Ermənistanda birinci Qarabağ müharibəsi zamanı öldürülən ondan çox insanınq qalıqlarını qaytarıb. Yəni pozitiv müstəviyə qayıtmaq üçün müəyyən hallar müşahidə olunur. Bunun nə dərəcədə gerçəkləşəcəyini gözləyib görmək lazımdır. Hazırda Ceyhun Bayramov Sergey Lavrovla görüşüb. Bu da lazımdır. Bundan əvvəl ABŞ diplomatı ilə fikir mübadiləsi aparılıb. Düşünürəm ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel səviyyəsində olmasa da, təmaslar və danışıqlar davam edəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər