4 Sentyabr 2023 22:28
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada:

Meşəli dağlarla əhatə olunmuş Şuşaqalada qaldığımız müddət zərfində azərbaycanlılar və ermənilər dincliyə, sakitliyə qovuşmağın zövqünü yaşayaraq, anlayaraq dadır, hər fürsətdə bu hisslərini ifadə edirdilər. Biz də ən az onlar qədər sevinirdik.

Belə keçən günlərin ilk həftəsində Qarabağdakı əski müvəqqəti hökumət üzvləri tərəfindən ordumuzun şərəfinə şam yeməyi verildi. Şuşaqalanın parkını bəzəyən klubda alay, tabor və digər bölüklərin komandanları ilə birlikdə ziyafətə zamanında getdik. Yeməyin axırına doğru ermənilərin adına çıxış edən gur səsli bir üzv can və mallarının Osmanlı ordusunun təminatı altında olduğunu görməyin bəxtiyarlığını ifadə etdikdən sonra xülasə belə danışdı: “Biz Qafqaz erməniləri dünənə qədər rus çarlarının hökumətlərinə bağlı idik. Bundan belə də Osmanlı padşahlarına qulluqçu olmaqla heç bir şey qeyb etmiş olmayacağıq. Bizlərə inanmağınızı, güvənməyinizi rica edirik”.

Bunu deyərək şərab dolu qədəhini padşahın və ailə üzvlərinin şərəfinə qaldırıb hamımızı ayaqda içməyə dəvət etdi və alqışlandı.

Rütbələrimiz etibarilə belə rəsmi və möhtəşəm ziyafətdə ilk dəfə idi olurduq. Etiraf etməliyəm ki, aparılan müharibə illərindəki ibtidai yaşayışımızdan sonra belə mədəni dekor içində gözlərimiz qamaşmış, həyəcan və utanqaçlıq mənliyimizi sarsmışdı. Fəqət dinlədiyimiz siyasi nitqin dərin mənası bizi canlandırdı və təvazö içində özümüzə gəlməyə başladıq. Bu əsnada Cəmil Cahid bəy - istiqbalın orgeneralı Toydəmir ayağa qalxdı. Bəlli ki, bir az əvvəl danışan xatibə cavab verəcəkdi. Salonu lərzəyə salan alqışlar kəsildikdən sonra xülasə olaraq dedi: “Osmanlı ordusu Qafqazda müvəqqəti olaraq mövcuddur. Türkiyənin siyasi mənfəəti və əməli budur ki, Qafqazda Brest-Litovski müqaviləsinə söykənərək istiqlallarına qovuşan azərbaycanlılar, ermənilər və gürcülər tanınmış hüdudları içində məsud və payidar olsunlar. Bunun həyata keçməsi üçün də Azərbaycana yerləşmiş ermənilər Azərbaycan hökumətinə, Ermənistanda doğulub-böyüyən türklər də Ermənistan hökumətinə ürəkdən inancla bağlı olmalıdırlar. Nifaq və fəsadın hər iki millətə böyük zərərlər gətirəcəyini bilməlidirlər. (Çox şiddətli alqışlar). Qafqazdakı ordumuz belə insani, mədəni və tarixi bir vəzifəni yerinə yetirməyə çalışmaqdadır”.

Komandanın nitqi bu şəkildə sona çatdı. Azərbaycanlı və erməni hökumətlərinin rifah və səadəti təmənnisi ilə şərab qədəhləri qaldırılmazdan əvvəl yenə Osmanlı padşahının şərəfinə ayaqda içildi...

Ziyafət əsnasında əski müvəqqəti hökumət üzvlərinin və qarsonların belə bu nitqi sevinclə dinlədiklərini, bu sevinci hamımızın bölüşdüyünü görmək ümumi bir ümid və fərəh havası yaratmışdı. Sülh və səmimiyyət ehtiyacı, hətta bəşəriyyətin səlaməti düşüncələrimizi əhatə edirdi.

Belə sevincli hava içərisində keçən günlərin birində alay yavəri Nuri köməkçi zabiti vasitəsilə məni çağırtdı. Yaşadıqları evə getdim. Yavər “Mucip! Sənə yeni bir vəzifə var” dedikdən sonra iki gün əvvəl Zəngəzurdan (İranın şimal sərhədinə yaxın, əsasən kürdlərin məskun olduğu bölgə) gələn bir kürd heyəti komandanı ziyarət edərək İrəvandan göndərilən erməni çətələrinin o ərazidə qətliama başladıqlarını, hər nə qədər silah və cəbbəxanaları varsa da, əsgəri bilgiləri olmadığından layiqli şəkildə qarşılıq verə bilmədiklərini, qorunmaq və təşkilatlanmaq üçün əsgər göndərmələrini ağlayaraq rica etmişlər. Komandan kürd heyətinə “siz Şuşaqalada qalın, nəticəni gözləyin” demiş.

Yavər sözlərinə davam edərək “alay komandanı sizin bölüyü kürd heyəti ilə birlikdə oraya göndərilməsini münasib gördülər. İndidən hazır olmağınız üçün taborunuza əmr yazılır. Təcili gedə bilməyiniz məqsədi ilə süvari bölüyü halına keçiriləcəksiniz. Bir də oralarda istədiyiniz qədər milis təşkilatı qura biləcəksiniz. Tümən komandanlığından müsbət cavab gəldiyi təqdirdə sizə yazılı təlimat veriləcəkdir. Cəmil Cahid bəy hazırda Zəngəzur haqqında məlumat əldə etmək üçün valinin yanına getdilər”.

Yavərin danışığı bitincə “alayımızda tabor komandanı olmuş təcrübəli yüzbaşılar olduğu halda niyə məni seçdilər?” deyərək kiçik bir etiraz etmək istəsəm də, “əmr belədir” cavabını verdi. “Əmr belədir” deyilincə bir daha söz demək olmazdı.
Alay qərargahından ayrılınca o dəqiqə kürd heyəti ilə təmas qurdum. Çıxışlar arasında “siz kürd deyilsiniz? Ermənilər kürdləri niyə öldürürlər?” deyə soruşdum. Cavab olaraq “onlar da bilirlər kürd olduğumuzu, amma anlamaq istəmirlər. Vaxtı gələndə “la ilahə illallah, Muhamməd Rəsulullah” deyirsiniz ya!” qarşılığını verirlər. Mən də ümid və cəsarətverici çıxışlarımla onları fərəhləndirməyə çalışdım. Kürd heyəti ilə ilk və son danışığım, ürəkağrıdıcı çıxışım belə oldu.

Tez bölüyümə qayıtdım. Tağım zabitlərini və çavuşları toplayaraq bizə veriləcək vəzifə haqqında bütün bildiklərimi anlatdım. İndi gizlətməyə lüzum yoxdur ki, onların da əvvəlcə canları sıxıldı. Şübhəsiz ki, oralarda baş verəcək müharibələrdən deyil, alaydan və hətta ordu çevrəsindən uzaqlardakı, o heç bilinməyən Zəngəzurda vuruşmağın narahatlığı idi. Eyni zamanda Şuşaqalada bu günlərdə olduqca yaxşı və rahat vaxt keçirirdik. Axırda kürd heyəti ilə etdiyim söhbəti da anlatdım. ““La ilahə illallah, Muhamməd Rəsulullah” dedikləri üçün öldürülürlərmiş” söylədiyim zaman hamısı birdən sözləşmiş kimi “elə isə bizə də oralara getmək fərz oldu” deyərək insanlıq duyğularını ifadə etdilər.

O axşam yatağıma girdiyim zaman bir ay qədər əvvəl olduğumuz ziyafətdə verilən qarşılıqlı nitqləri, digər tərəfdən bir gün əvvəl kürd heyətindən dinlədiklərimi düşünür, artıq o unudulmayacaq sanılan sevinclərin buludlara qarışdığını, xəyanətə məruz qalmış insanların duyğuları içində yeni vəzifəmizin uğurlu olmasına dualar edirdim.

Bununla birlikdə maraq və həyəcanla gözlənilən hərəkət əmrini almaq nəsib oldu. Bir neçə həftə sonra İstanbuldan yeni sədrəzəm müşir İzzət paşadan İslam Ordusu komandanı Nuri paşaya Azərbaycanın təxliyyəsi haqqında bəyannamələr gələcəkdi. Daha sonra biz də heç gözləmədiyimiz bu ağrılı bəyannamələri öyrənəcəkdik.

1918-ci ilin noyabr ayının qapqaranlıq bir gecəsində, azad və məsud həyat içində yuxuya getmiş qardaşlarımızı öz qədərlərinə tərk edərək günahkar insanlar kimi Şuşaqaladan ayrıldıq. Yalnız alay komandanı Cəmil Cahid bəyin Azərbaycan idarəçiləri ilə həzin bir şəkildə vida etmiş olduğunu yolda eşitdik. Artıq şübhə yox idi ki, gəldiyimiz yollardan indi geriyə doğru gedirdik. Bu qədər şəhidlərimizin qanları belə qurumadan buralardan çəkilirdik. Uğrunda edilən o qədər fədakarlıqlardan sonra Azərbaycanın hürriyyət və istiqlalı nə olacaqdı? Türkiyədə əcəba nələr olur? Bu düşüncələr, gecənin və gələcəyin bu anda bir-birinə qarışan qaranlığı içində nəfəs alaraq yürüyür, ruhlarımızın əzildiyini hiss edirdik. Sabaha qarşı Əsgəran boğazını heç bir döyüş etmədən keçdik. Bir neçə gün sonra Yevlax stansiyasında idik. Əldə etdiyimiz məlumat bu idi: Müttəfiqlərimizlə birlikdə məğlubiyyəti qəbul etmişik. Mudrosda imzalanan müqaviləyə görə Osmanlı ordusu Qafqazı və çevrəsini dərhal boşaldacaqdır, Ərəbistan, Suriya, İraq tərk edilmişdir...

(Son)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər