“Uşaqların sosial müdafiəsi hökumətin prioritet məsələsi olmalıdır. Paralel olaraq burada ailə faktoru, yəni ailə planlaması da rol oynayır. Gənc ata-ana aylıq gəlirlərindən, gələcəkdə onları gözləyən çətinlik və təhlükələrdən sığortalanmaq üçün ailədə neçə uşağın olmasının planını qurmalıdır”.
Bu sözləri Teleqraf.com-a pediatr Vaqif Qarayev deyib.
Pediatrın fikrincə, uşaqların sosial problemləri daha çox sosial media müstəvisində qabardılır:
“Mütəmadi olaraq maddi vəziyyətinin ağırlığına görə uşağına baxa bilməyən, xəstəliyə görə yardım toplayan, dilənçiliyə məcbur qalan valideynlərlə bağlı paylaşımlar olur. Müşahidə edirəm, cəmiyyətdə bu kimi hallara soyuqqanlı və sərt bir yanaşma var. Hətta çox kobud formada “baxa bilməyəcəksənsə niyə doğursan?” kimi iradlar bildirilir. Bununla razılaşmıram. Başa düşdük, səhv edib doğub, doğulub, axı, bu uşaq böyüməlidir. İrad tutmaq çox asandır.
Bəzən də yardım istəyən valideynlərin dolandırıcı olduğu deyilir. Axı onların hamısı fırıldaqçı ola bilməz...”
Həkimin sözlərinə görə, ölkədə uşaq baxım xərcləri ilbəil artır: “Maddi imkanı aşağı olan ailələrin xərcləri daha çoxdur. Dövlət yalnız sağlamlıq imkanları məhdud və ya valideyninin birini itirən uşaqlara aylıq sosial müavinət təyin edir. Amma sağlamlıq durumu yerində olan uşaqlara xüsusi güzəştlər yoxdur.
Bir xanım yazmışdı ki, uşağının pampersinə və yeməyinə ayda 900 manat xərcləyir. Sonra məlum oldu ki, ailədə əkiz uşaq var. Deməli, ayda bir uşağın bezinə və qidasına ortalama 450 manat düşür. Məsələ budur ki, indi gənc ailələri danışdıran yoxdur. Fərdlər sosial mediada işlə, maaşla, evlə bağlı şikayətlərini yazırlar.
Minimum aylıq əməkhaqqının məbləği məlumdur, bu ailələrin körpə uşağa çəkdiyi xərci hesablamaq çox asandır. Bazarda uşaq bezinin və qidalarının qiymətləri bəllidir. Ana südünün faydası haqqında danışmayan həkim yoxdur. Bu gün elə bir gənc ana yoxdur ki, böyüdüyü ailədə ana südü haqqında nəsə eşitməsin. İndi bəzi gənc analardan ana südü haqqında soruşanda ona çox qəribə gəlir, elə bil birinci dəfədir bu sözü eşidir. Gənc analar gələcəyə indidən hazırlaşmalıdır. İnternet resurslarında maarifləndirmə xarakterli kifayət qədər məlumat var. Uşağı necə qidalandırmaqdan tutmuş, geyiminə qədər hər şey mediada var.
Bütövlükdə nə anaları, nə də həkimləri qınamaq istəyirəm. Hər iki tərəfdən süni qidalara üstünlük verənlər var, çıxış yolunu tapmaq lazımdır. Doğum evindən dünən çıxan ana zəng edib soruşur ki, doktor, körpəmə hansı qidanı verim? Soruşuram ki, südün yoxdur? Deyir, var, amma süni qida da vermək istəyirəm...
Bəzən “təhsillidir” sözü mənə çatmır. Savadlı olmaq lazımdı, bir də insanın dünyagörüşü olmalıdır. Elə gənclər var ki, 2-3 diplom gəzdirir, amma nə olsun?!”
Vaqif Qarayev hesab edir ki, əhali artırsa, aztəminatlı ailələrin köməksiz uşaqları dövlət proqramları ilə müdafiə olunmalıdır: “İllərdir uşaq pulu məsələsi müzakirə olunur, amma ortada bir şey yoxdur. Versələr belə, inandırıcı deyil ki, ayda bir uşağa 450 manat xərc çəkən ailənin hansısa yarasını sağaltsın. Amma psixoloji baxımdan bu da bir köməkdir.
Həm dövlət, həm cəmiyyət olaraq əhalinin artımını istəyiriksə, doğulacaq uşaqların müdafiəsi haqqında indidən fikirləşməliyik. Müstəqillikdən sonra ölkədə doğuşların sayı ilbəil azalır. Orta statistik azərbaycanlının minimum beş uşağı olurdu. İndi bir, ən yaxşı halda iki uşağı var. İnsanlar fikirləşir ki, onu saxlaya biləcək, ya yox. Uşağın qidası, sağlamlığı, təhsili və sair hamısı pul tələb edir. Biz həm sağlam, həm də savadlı nəsil böyütmək istəyirik, amma pulumuz çatmır. Çıxış yolu tapmaq lazımdır. Əhali artsın, yoxsa yox?!
Şüurlu olaraq ailə qurulubsa, şəxs gələcəkdə onu gözləyən çətinlikləri də nəzərə almalıdır. Heç kəsə zorla “hamilə qal”, “dünyaya uşaq gətir” demirlər. Amma uşaq dünyaya gəlibsə, hamımız onun böyüməsinə yardımçı olmalıyıq. Həkimə getmək, dərman almaq hamısı problemdir.
Yanvar ayından ambulator xəstələrə yazılacaq dərmanların İcbari Tibbi Sığorta Paketinə daxil olacağı deyilir. Dərmanların pulsuz olması təqdirəlayiq addımdır. Dərmanlar həddindən artıq bahadır və bunun qarşısını heç kim ala bilmir. Adi bir öskürək siropu ortalama 10 manatdır. Dərman yazmasam, desəm ki, get uşağa zoğallı çay ver. Deyəcək ki, bura nəyə gəlmişdim?
Sərhəd açıq olanda Gürcüstana mütəmadi səyahət edirdim. Oradan gələn azərbaycanlıların əllərinə baxırdım ki, ən çox daşıdıqları yük pampersdir. Ölkəmizdəki markalarla, modellərlə eyni olsa da, oradan pampersləri 1-1.5 dəfə ucuz almaq olur. Əhalinin hamısı gedib Gürcüstandan pampers ala bilməz axı...
Düşünürəm ki, dövlət uşaqlar üçün idxal olunan zəruri ehtiyac məhsullarını vergidən azad etməlidir. Doğrudur, Azərbaycanda yerli uşaq bezləri istehsal olunur. Təcrübəmdə dəfələrlə olub, uşağı müayinə edirdim, gedəndən sonra otaqda qəribə bir qoxu qalırdı. Sonra öyrəndim ki, bu bezlər yerli istehsaldır. Həm estetik, həm də bişməcə baxımından xoşagələn deyil.
Uşaq qidaları da eynidir. Süni qida istehsalçıları tərəfindən böyük pullar dövr olunur. Amma bunun üstünə çox gedə bilmirik...
Nə qədər çalışsaq da, xəstəlik olur. Gündə bir epidemiya çıxır, uşaq həkimə gəlməlidir. Dövlət poliklinikalarında pulsuz xidmət olunur, amma dərmanlara mütləq pul verilməlidir”.
Həkim düşünür ki, gənc valideynlərin üzərinə ağır yük düşməməsi üçün hökumət tədbir görməlidir: “Türkiyə istehsalı olan preparatlar doğurdan da keyfiyyətlidir. Onlar dərmanı yerli əhali üçün bir qiymətə, ixrac üçün başqa qiymətə satır. Bu ilin əvvəlindən müqavilə əsasında Türkiyədən Gürcüstana idxal olunan preparatlar daxili bazar qiymətinə satılır. Azərbaycan da Türkiyə ilə belə müqavilə imzalaya bilər.
Eyni şeyi uşaq geyimlərinə də şamil etmək olar. Geyimlər hədsiz dərəcədə bahadır. Bunu tənzimləmək olar. Uşaq geyimlərinin keyfiyyəti sanitar normalara mütləq uyğun olmalıdır. Bir çox dəri və allergik xəstəliklər həm də geyim mənşəli olur. Ona görə də valideynlərə uşaqlara keyfiyyətli paltar geyinməyi tövsiyə edirik, amma ala bilmirlər. Valideynlərlə yanaşı, dövlət də uşaqların sosial müdafiəsi istiqamətində nələrsə etməlidir”.