11 Mart 14:33
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Hüquq fakültəsinin tələbələri arasında təşkil edilən “Biz gələcəyin vəkilləriyik” adlı növbəti qış məktəbinin təlimləri başa çatıb.

Vəkillər Kolegiyasından Teleqraf.com-a verilən məlumata görə, qış məktəbinin əsas məqsədi ölkə ərazisində vəkillik fəaliyyətinin təşviq edilməsi, Hüquq fakültəsi tələbələrinin vəkillik fəaliyyəti sahəsində biliyinin artırılması və onlarda bu sahəyə marağın yaradılması, o cümlədən gənc hüquqşünaslarla Vəkillər Kollegiyası arasında əlaqələndirmənin qurulmasından ibarətdir.

Belə ki, 8, 9, 10 mart tarixlərində Naftalan şəhərində düşərgə formatında keçirilən layihənin ilk günü Vəkillər Kollegiyasının üzvü Natiq Məmmədov “Mübahisələrin alternativ həlli və mediasiya”, Kollegiyanın üzvü Yaqub Məmmədli “Mülki prosessual sahədə müdafiə taktikasının qurulması”, növbəti gün isə Vəkillər Kollegiyasının üzvü Elvin Səlimov “İnzibati xətalar üzrə icraatda vəkilin iştirakı”, Kollegiyanın üzvü Zabil Qəhrəmanov “Ədalətli məhkəmə araşdırması hüququ”, Əqli Mülkiyyət Agentliyinin Hüquq apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük mütəxəssisi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Əkbər Əliyev “Məhkəmə prosesinin qurulması” adlı təlimlərlə çıxış ediblər.

Həmçinin, düşərgənin ikinci gün Naftalan Şəhər Məhkəməsinin sədri Ayaz Səlimov iştirakçılarla görüşüb, layihənin işinə uğurlar arzulayıb.

Düşərgənin üçüncü günü isə iştirakçılar tərəfindən məhkəmə simulyasiyası təşkil edilib. Yarışda hakim qismində Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva iştirak edib, qalib komanda mükafatlandırılıb.

Eyni zamanda, iştirakçılar Naftalan şəhərində yerləşən Heydər Əliyev muzeyini ziyarət ediblər. Hüquqşünas tələbələrə Ulu Öndər Heydər Əliyevin həmişəyaşar irsi barədə ətraflı məlumat verilib.

Həmçinin, düşərgədə hüquq sahəsində tanınmış şəxslər qonaq qismində iştirak edib, iştirakçılara öz tövsiyələrini veriblər.

Martın 10-da isə Naftalan şəhərində “Biz gələcəyin vəkilləriyik!” adlı qış məktəbinin bağlanış mərasimi keçirilib. Tədbirdə Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Goranboy rayon prokurorunun müavini Babək Paşayev, Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Afət Mustafayeva çıxış ediblər.

Gənclərin peşəkar hüquqşünas kimi ixtisaslaşmasına xidmət edən düşərgənin sonunda iştirakçılar sertifikatlarla təltif edilib, xatirə şəkli çəkilib.

Xatırladaq ki, “Biz Gələcəyin Vəkilləriyik” adlı qış məktəbində ölkənin bütün ali təhsil müəssisələrinin Hüquq fakültəsində təhsil alan 40 bakalavr tələbəsi tam ödənişsiz olaraq iştirak edib. Açılış mərasimində Kollegiyanın sədri Anar Bağırov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Vəkillər Kollegiyasının Akademiyasının rektoru Əmir Əliyev və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edib, panel müzakirələrində sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənovun Azərbaycanın hüquq tarixi ilə bağlı çıxışları dinlənilib.

Qeyd edək ki, daha öncə - 2022-ci və 2023-cü illərdə də Vəkillər Kollegiyası ilə Gənclər Fondunun birgə təşkilatçılığıyla hüquqşünas tələbələr üçün yay və qış məktəbləri təşkil olunub.


Müəllif: Hacı