21 May 17:50
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media eksperti Müşfiq Ələsgərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Mediada yanlış, çaşdırıcı, açıq-saçıq başlıqlar verməklə faktiki olaraq oxucunun aldadılması halları müşahidə olunur. Belə başlıqlarda bəzən faktlar təhrif olunur, bəzən milli dəyərlərə sayğısız yanaşılır, bəzən isə insan hüquqları pozulur. Məsələn, ötən günlərdə müğənni Elnarənin azyaşlı övladı barədə işlətdiyi "sevişmək" ifadəsi bəzi saytlarda həyat yoldaşının fotosu ilə yayımlanaraq fərqli formada təqdim olundu. "Media haqqında" qanunda bu cür hallarla bağlı nələr öz əksini tapıb?

- Qeyd etdiyiniz problem aktualdır. Həqiqətən də ayrı-ayrı media subyektlərinin təqdim etdiyi məqalələrdə çox vaxt başlıqla mətnin məzmunu uyğun gəlmir. Başlıq insanı cəlb edir, oxuyursan, sona çatanda görürsən ki, başlıqda təqdim edilən nüans məqalənin məzmununda yoxdur. Yaxud məzmundakı fakt başlıqda çox şişirdilmiş formada təqdim edilib.

Əlbəttə, məqalənin başlığı maraqlı olmalıdır, oxucunu, dinləyicini, tamaşaçını cəlb etməlidir. Amma istənilən halda başlıq məqalənin məzmununa uyğun olmalıdır. Sadə dildə ifadə etsək, məqalənin başlığı onun məzmununun qısa anonsudur; oxucu başlığı oxuyanda məqalədə nədən bəhs edildiyi barədə təsəvvürü formalaşmalıdır.

Elmi nəzəriyyələr, təlimatlar və kodekslər təlqin edir ki, başlıq məqalənin məzmununa uyğun olmalıdır və oxucuda ilkin təəssürat yaratmağa xidmət etməlidir. Amma yuxarıda qeyd etdiyimiz kimi, bəzi media subyektlərində fərqli təqdimatlardan istifadə edilir. Fikrim belədir ki, bu, daha çox peşəkarlıq problemidir. Peşəkar jurnalist və ya peşəkar media subyekti aldadıcı başlığı verməklə, oxucunun, dinləyici və ya tamaşaçının etimadını pozmaz.

Belə ucuz metodla oxucunu bir və ya iki dəfə aldadarsan, amma yekunda öz auditoriyanı itirərsən. Oxucu aldanıldığını görəndə, sənin qeyri-peşəkar olduğunu anlayacaq, növbəti dəfə etimad göstərməyəcək, sənin məhsulunu almayacaq.

Bu cür yanlış təqdimatlara qarşı necə mübarizə aparmaq məsələsinə gəlincə qeyd edə bilərəm ki, yanlış təqdimat forması seçən jurnalist və media subyektləri üçün ən böyük cəza auditoriyanın etimadsızlığıdır. Media kommersiya subyektidir. Yanlış yol seçsən, bazarı itirərsən və məhvə məhkum olarsan. Beynəlxalq nəzəriyyələr də təsdiq edir ki, media subyektləri üçün ən ağır nəticələrdən biri ona qarşı etimadsızlıqdır. Yəni, bu cür məsələlərdə heç də həmişə hüquqi tənzimləmə mexanizmindən istifadə edilmir.

Hüquqi tənzimləmə o zaman aktual olur ki, yanlış formada təqdim edilmiş başlığın məzmunu hansısa hüquq pozuntusu ilə müşayiət olunsun. Kiminsə haqqında tamamilə yanlış məlumat yaysan, məsələn, adama böhtan atsan, təhqir etsən və yaxud digər bir formalı yanlış məzmun və ya başlıq tərtib etsən, onda müvafiq qanun üzrə hüquqi cəza ala bilərsən.

Yuxarıda təqdim etdiyimiz nümunə - təhqir və böhtan konkret olaraq Cinayət Məcəlləsinin 147/148-ci maddələri ilə məsuliyyət doğurur. Bir məqam da var ki, burada şikayət olunmalıdır. Məsələn, sizin sualınızda əks edilmiş müğənni Elnarə barəsində yanlış informasiya verildiyi faktına istinad etsək, əgər o hansısa xəbər resursunda təhqir olunduğunu düşünürsə, faktı mübahisələndirə bilər, müvafiq hüquq mühafizə orqanına, məhkəməyə müraciət edə bilər.

- Bəs qanunun tələbləri niyə işlək deyil?

- Qanunun media üzrə müvafiq maddələrinin işlək olması üçün həmin maddələr üzrə hüququnun pozulduğunu görən tərəf müraciət etməlidir.

- Sizcə, konkret olaraq Medianın İnkişafı Agentliyi bu yöndə nələr edə bilər və etməlidir?

- Bu cür hallara qarşı məsul qurumlardan birincisi əslində Mətbuat Şurasıdır. Şuranın tərkibində şikayətlər komissiyası fəaliyyət göstərir. Vətəndaşlar media subyektlərində rastlaşdıqları pozuntularla bağlı Mətbuat Şurasına müraciət edə bilirlər və Şura müraciətdə əks olunan faktı araşdırıb müvafiq rəy verir.

Əgər şikayətçi tərəf Mətbuat Şurasının fakt üzrə verdiyi rəylə qane olmursa, məhkəmələrə müraciət edə və prosesi davam etdirə bilər.

- Dünyada bu istiqamətdə vəziyyət necədir?

- Beynəlxalq praktikada məsələyə yanaşma mənim yuxarıda təsvir etdiyim formadadır. Yəni, media subyektlərində yol verilmiş xətalara görə ilk növbədə medianın özünütənzimləmə qurumlarına müraciət edilir. Bu, ayrı-ayrı ölkələrdəki sistemlərdən asılıdır.

Özünütənzimləmə qurumu Mətbuat Şurası da adlana bilər, başqa bir adla da tanına bilər. Və özünütənzimləmə qurumunun hər hansı bir media subyektinə qınaq bildirməsi, əslində həmin media subyekti üçün ağır cəzadır. Çünki ictimai rəydə ona qarşı etimadsızlıq yaranır.

- Onlayn mediada başqa hansı təhlükəli tendensiyalar var?

- Fikrim budur ki, ölkəmizdəki onlayn media subyektləri artıq kifayət qədər peşəkarlaşıblar. Uzun müddətli fəaliyyətləri onlarda artıq lazımi təcrübəni formalaşdırıb. Əlavə olaraq, dövlətimiz MEDİA Agentliyi vasitəsilə onlayn media subyektləri üçün çoxsaylı proqramlar icra edir. Bu proqramlar onların peşəkarlaşması və institutlaşması üçün şərait yaradır.

Ən mühüm olanı budur ki, 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” qanun onlayn media subyektlərinin statusunu müəyyənləşdirdi. İndi onlar medianın digər qolları kimi fəaliyyət göstərirlər. İndiki problemlər onlayn media subyektlərindən daha çox sosial media platformaları ilə bağlıdır. Bu gün sosial media platformalarının Azərbaycan seqmentində istifadəçilərin sayı 5 milyon nəfəri keçib. Bu, böyük bir göstəricidir.

Düşünürəm ki, bu sahədə də səliqə-sahman yaradılması üçün zəruri addımlar atılmalıdır. Dünyada bu sahədə nümunəvi təcrübə mövcuddur.

- X sosial şəbəkəsinin ildırım sürətilə inkişafı fonunda onlayn media bu platformaya uduza bilərmi?

- Təbii ki, sosial şəbəkə platformaları inkişaf yolundadırlar. Statistikaya görə, dünya əhalisinin yarıdan çoxu sosial şəbəkə istifadəçiləridirlər. Yəni onlar həm auditoriya genişliyi, həm də peşəkarlıq baxımından inkişaf yolu keçirlər. Amma hələlik tam etimadlı xəbər ötürücüsü kimi qəbul edilmirlər. İnsanlar etimadlı xəbəri yenə də media subyektlərindən əldə etməyə üstünlük verirlər. İndilik vəziyyət belədir. Gələcəkdə necə olacağını zamana uyğun dəyərləndirmək yaxşı olardı.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər