22 May 11:25
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Türk İnteqrasiya Olimpiadasının finalı Bakıda keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türk İnteqrasiya Olimpiadasının (TİO) ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq bildirib.

Layihə ilə bağlı Şəmil Sadiq qeyd edib ki, and içmə mərasimində Prezident İlham Əliyevin dediyi tarixi fikirlər Türk İnteqrasiya Olimpiadasının mayakı olub: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir.

Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçımız Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı.

TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqındadır".

Şəmil Sadiqin sözlərinə görə, bu gün dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir: "Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.

300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə alaraq bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə yolan çıxan olimpiadanın dörd əsas məqsədi var: Türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək; Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması; Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması; Türk xalqlarının “işdə, dildə, əməldə birliy”in fərqində olmaları və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etmələri".

Qeyd edək ki, olimpiadanın əhatə dairəsi Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Cənubi Azərbaycan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauziya, Çuvaşıstan, Bolqarıstan, Başqırdıstan, Altay, Tuva, Saxa-Yakutiya, Xakasiya, Qərbi Trakiya, Kərkük türkləridir.

Artıq TİO-nun ölkə mərhələləri bitib, 27 may tarixində Bakıda final turu və Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçiriləcək. Olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın şagird iştirak edəcək.

Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçirilən olimpiadadır.


Müəllif: Teleqraf.com