23 May 09:05
2 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşaya köçən tanınmış yazıçı-jurnalist Kərim Kərimli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Kərim müəllim, söhbətimizə Şuşaya köçlə başlayaq. Bu, yəqin Şuşaya münasibətdir... Sizi Şuşaya çəkən nədir?

- Şuşada anadan olumaşam və burada yaşamışam. Şuşa şəhərindən 1992-ci ilin may ayında məcburi köçkün düşmüşəm. Doğma şəhərimdən könüllü yox, müharibə nəticəsində çıxmışdım. 30 ilə yaxın Şuşa üçün darıxmışam və qayıtmağı arzulamışam. Şuşanın azadlığı uğrunda mübarizə aparmışam. Bu, bir növ həyatımın mənasına çevrilib. Nəhayət, Qarabağ işğaldan azad olunandan sonra təkidlə qayıtmağa çalışmışam, təəssüf ki, bu bir az gec oldu. Amma çox şadam ki, oldu...

Şuşadan 1992-ci il mayın 9-da çıxmışdım. 2024-cü ildə mayın 9-da geri qayıtdım. Evin açarının təqdimatı 10 mayda təşkil olundu. O gündən Şuşada yaşayıram.

- Ölkə başçısı Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və evinizin açarı şəhərə köçmüş ilk sakinlərdən biri kimi şəxsən təqdim olundu. Təəssüratlarınızı bizimlə bölüşərdiniz...

- Bu, şəxsən mənim üçün yenilik idi. Yəni birbaşa dövlət başçısı tərəfindən mənzilin açarının verilməsi adamda qürur hissi doğurur. Burada bir çox məqamlar var. Bu məqamlara dövlət başçısının diqqəti, qayğısı daxildir. Hadisəyə adi şəkildə baxılmaması xoşdur. Yəni hansısa növbəti binanın tikilib insanlara təqdim edilməsi deyil. Bu, Şuşa şəhərində yeni yaşayış məskəninin salınmasıdır. Yenidən 32 ildən sonra Şuşada həyatın bərpası deməkdir.

Mənim üçün xüsusilə şəxsi mənada əhəmiyyətli idi ki, biz vaxtilə Şuşadan çox ağır şəraitdə çıxmışdıq. Düşmən qovurdu, top, mərmilər partlayır, güllələr atılırdı. Mən şəhırimdən hərbi formada çıxmışdım. Əynimdə olan paltardan başqa heç nə götürə bilməmişdim. Hətta bəzi sənədlərim belə evdə qalmışdı.

Geri qayıdış isə çox hörmətlə oldu. Bizim insanlar öz doğma şəhərlərinə qayıdarkən dövlətin xüsusi diqqəti ilə əhatə olunmuşdu, xüsusi maşınlar ayrılmışdı.

Şuşadan heç nə çıxara bilməmişdiksə, Şuşaya qayıdanda artıq hökumətin verdiyi iri yük maşınlarında bizə məxsus əşyaları gətirirdik. Bizlər üçün çox rahat avtobuslar ayrılmışdı. Ailəlikcə rahatlıqla gəldik və mənzillərin açarlarının təqdim olunmasından sonra mənzillərimizdə yerləşdik. Buna itirilmişlərin bərpası demək olar, ancaq tam bərpa deyil... Yəni biz 32 illik məşəqqətli qaçqınlıq zamanında həyatımızı itirmişik. Bununla belə, axırın yaxşı qurtarması insanı ruhlandırır. Yeni yaradıcılığa və fəaliyyətə səsləyir.

- Kərim müəllim, ailə üzvlərinizin hamısı Şuşaya qayıtdı?

- Ailəmiz 6 nəfərdən ibarətdir - mən, yoldaşım, iki qızım və iki oğlum. Böyük oğlum hazırda hərbi xidmətdədir, iyul ayında ordudan tərxis olunandan sonra evimizə gələcək.

- Övladlarınız arasında məktəbli var?

- Böyük oğlum və qızım bakalavr və magistr pilləsini bitiriblər. Digər qızım subbakalavr və bakalavr pilləsini başa vurub. Kiçik oğlum isə 10-cu sinifdə oxuyur. Gələcəkdə ali məktəbə daxil olmaq fikri var. Şuşada tikilən yeganə məktəb sentyabr ayında fəaliyyətə başlayacaq, dərslərin qurtarmasına 1 aydan da az vaxt qalıb, o da gələcək.

- Şuşada sizin və övladlarınızın işlə təminatı məsələsi necədir?

- Hələ heç birimiz işlə təmin olunmamışıq. Ancaq artıq Şuşa şəhərində Dövlət Məşğulluq Agentliyi fəaliyyətə başlayıb. İndiyə qədər səyyar fəaliyyət göstərirdi. Mənə müəyyən təkliflər olub, hələ konkretləşməyib. Yoldaşıma və qızıma ixtisası üzrə iş veriləcəyinə ümid edirik və gözləyirik. Hər ikisi müəllimdir. Onların orta məktəbdə işləmək fürsəti olacağına inanırıq.

Artıq qayıtmışıq, burada məskunlaşmışıq. Məktəb və müəllimin bir-birinə ehtiyacı var, yəni istək və diləklər üst-üstə düşür. Oğlum əsgərlikdən gələndən sonra güman edirəm ki, o da müvafiq işlə təmin olunacaq. Çünki gənc, çalışqan, istedadlı və düşüncəlidir, yeni ideyalar fikirləşə bilən oğlandır. Düşünürəm ki, bekar qalmaz.

Ailəm Şuşaya köçmək qərarımı dəstəklədi. Gələcəkdə bilmək olmaz. Tutaq ki, ailə məsələləri var. Sonra ola bilər ki, dövlətimizin inkişafı üçün başqa yerə də dəvət ala bilərlər. Bunlar ehtimallardır, konkret qərar deyil. Hazırkı qərar Şuşada yaşamaqdır. Mən və yoldaşıma aid qərar qətidir, həmişəlik Şuşada yaşamaq istəyirik.

- Bütövlükdə Qarabağda məskunlaşma necə gedir?

- Bu məsələ ilə bağlı bir neçə fikir deyə bilərəm. Şuşaya gələnə qədər düşünürdüm ki, bu proses çox ləng gedir və məni şəxsən qane eləmirdi. Artıq Şuşanın işğaldan azad olunmasının dördüncü ili yekunlaşmaqdadır. Başqa rayonlarda - Zəngilan, Laçın və Füzuliyə köçlər tez-tez olurdu, Şuşaya köçün ləngiməsindən narazı idim. 10 gündən çoxdur burdayıq. Hər gün şəhərə çıxıb gəzirəm. Mövcud vəziyyətlə tanış oluram, düşünürəm ki, müəyyən obyektiv səbəblər var.

İlk növbədə Şuşa dağlıq yerdir. Burada hava şəraitinin yağış, qar, dumanlı olması səbəblərdən biridir. İkinci səbəb işin çox olmasıdır. Hazırda Şuşa nəhəng tikinti meydançasını xatırladır. Yollar çəkilir, yaşayış yerləri, böyük məscid tikilir. Başqa bir tərəfdən məskunlaşdığımız şəhərcikdən savayı daha iki yeni şəhərciyin birində iş gedir. Birinin də təməli bizə açarları verilən gün qoyulub. İş yerləri müəyyənləşdirilib, əhalidən eşitdiyimə görə, xeyli layihələri qəbul edilib.

Əhalinin işlə təmin olunması üçün təkcə büdcədən maliyyələşən təşkilatlar deyil, həmçinin sahibkarlıq fəaliyyətinə geniş yer vermək üçün təşəbbüslər hazırlanır. Bu şəkildə iş çoxdur. Hər şey birbaşa dövlətin nəzarətində aparılır. Bu, yaxşı haldır. Bununla yanaşı, bir qədər dövlətin işi yüngülləşsin deyə iş görə bilən, vətənpərvər, canıyanan adamları daha çox işə cəlb eləmək lazımdır ki, iş daha da sürətlənsin.

Bütövlükdə Qarabağ böyük ərazidir. Dağıntılar həddindən artıq çoxdur. Kəlbəcərdən başqa bütün azad olunmuş bölgələrə getmişəm. Hamısını gəzmişəm və dəhşətləri görmüşəm. Ona görə də bu kəndlərin bərpası, şəhərlərin yenidən tikilməsi uzun proses və böyük vaxt aparacaq.

- 32 il böyük bir zaman kəsiyidir, adaptasiya necə gedir? Romantik-idealist yanaşma ilə paralel hansısa çətinliklər varmı? Varsa, hansı çətinliyin həllini istərdiniz?

- Çətinlik, əlbəttə, çoxdur. Heç bir şey çətinliksiz olmur. İdealist, romantik yanaşmanı kənara qoysaq, xeyli xırda çatışmazlıqlar var. Məsələn, nəyisə düz quraşdırmırlar, haradasa qurğu sınır, maşın xarab olur və sair. Bütün bunlar hamısı iş prosesində olan məsələlərdir. İş varsa, bunlar da olacaq. Yüz minlərlə insan birdən-birə bir neçə günün içində əşyasız, pulsuz, ilk zəruri tələbat əşyaları belə olmadan başını götürüb qaçmışdı. Analar qucaqlarında körpə uşaq, atalar yaralı oğlunun arxasınca sürünə-sürünə, belə ağır vəziyyətdə getmişdi...

30 il ərzində hamı iş tapdı, ev-eşik qura bildi. Düzdür, ağır və çox dəhşətli oldu. Heç kim indiyə qədər təsvir edə bilmədiyi səviyyədə əzablı günlərimiz olub. İndi bizi mərhələli şəkildə, növbə ilə gətirirlər. İş məsələləri müəyyənləşdirilir. Mənzillər tikilib verilir.

Mənzillərdə çatışmazlıqlar ola bilər, hətta bəlkə bu, gözlədiyimizdən də çoxdur. Amma çıxmağımızla qayıtmağımız arasında yer-göy qədər fərq var. Düşünürəm, nə edə bilərəm ki, Şuşanın yenidən qanadlanmasında hansı tövhəni verim. Bu da ümumi işimizi müəyyən qədər yüngülləşdirə bilər.

Hesab edirəm ki, başqaları da belə fikirləşməlidir. Hər kəs işə ümumi töhfəsini verməlidir. Necə ki 44 günlük Vətən müharibəsində bütövlükdə xalqımız birləşib qələbə qazana bildi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Onlar canlarından keçib torpaqlarımızı azad etdilər. Bizlər də onların azad etdikləri torpaqları dirçəltmək üçün nə isə etməliyik.

-1998-ci ildə Şuşa işğalda olarkən oraya getmişdiniz. O vaxt gördüyünüz Şuşa ilə indiki arasında paralel aparmağınızı istərdik...

- Hesab edirəm ki, bütövlükdə Qarabağ müharibəsi haqqında heç kim tam təfərrüatı ilə danışmayıb və yazmayıb. Atəşkəsə qədər, 1988-1994-cü illərin hadisələri, məncə, cüzi işıqlandırılıb. O qədər deyilməmiş, yazılmamış məsələlər var ki, gələcək nəsillər, tarix üçün onlara bir-bir qayıtmaq lazımdır.

1998-ci ildə mən çox böyük sarsıntı keçirmişdim. İsveçrənin Xarici İşlər Nazirliyinin layihəsi idi, Cənubi Qafqazda azad mətbuatın inkişafına yardımla bağlı keçirilirdi. Mənə dəvət gələndə imtina etmişdim. Sonra tədbirin proqramını göndərdilər, gördüm ki, İrəvanla yanaşı Qarabağa da səfər nəzərdə tutulub, Xocalı, Xankəndi, Şuşa və Ağdərəyə səfər proqrama salınıb. Şuşanın adını oxuyan kimi dərhal razı oldum. Ancaq Ağdərəyə getməyə qoymadılar.

1998-ci il avqustun 31-də sanki ikinci dəfə qaçqın düşürdüm. 31 avqustda Şuşada olarkən o dərəcə dəhşətli sarsıntı keçirmişdim ki, axşam Xankəndidəki qonaq evinə qayıdanda güzgüyə baxdım, gördüm, saçlarım iki tərəfdən ağarıb. 1992-ci ildə Şuşadan çıxanda ümid edirdik ki, biz yəqin müvəqqəti çıxırıq. Amma 1998-ci ildə artıq bilirdim ki, altı ildən çoxdur Şuşa işğal altındadır, Şuşaya üç saatlıq gəlmişəm və indi çıxıram. Nə vaxt qayıdacağımı da bilmirəm... Bu, məndə böyük dəhşətli ağrı yaratmışdı.

Xankəndidən helikopterlə çıxıb İrəvana getdik. Dörd günlük səfər başa çatdı. Bəlkə bu iş də qəsdən qurulmuşdu, ya təsadüf idi, bəlkə pilotun fantaziyası idi, bilmirəm. Xankəndindən qalxandan sonra birbaşa Şuşanın üstündən uçdu. Bir neçə dəfə dövrə vurdu. Mənimlə bir yerdə olan azərbaycanlılardan - Şahin Rzayev, Eldəniz Elgün, Kamal Əli xatırlaya bilər. Pilotun bu hoqqasından o dərəcədə gərginləşmişdim ki, özümü saxlaya bilmədim. Salonda ermənilər, azərbaycanlılar və başqa millətdən adamlar da var idi.

1992-ci ildə Şuşadan çıxanda ağlamamışdım. Amma həmin an özümü saxlaya bilmədim. Şuşanın üzərində səmada helikopterin salonunda hönkürdüm. İndi yadıma düşür, tüklərim biz-biz olur. İndi də keyimişəm, çox dəhşətli anlar yaşamışdım. Bütün bunlardan sonra Şuşaya qayıtmaya bilməzdim. Şuşaya qayıtmağım başıma gələnlərin hamısının mükafatıdır.

Mənə zarafatla Şuşaya birinci gələn deyirlər. Xankəndidə bizi avtobusa yığdılar, Şuşaya gətirdilər. Avtobusa axrıncı minmişdim. Qapının yanındakı oturacaqda əyləşmişdim. Şuşaya çatanda qapıdan ilk mən düşdüm. Sonra Eldəniz Elgün düşdü və dedi ki, Şuşaya ilk ayaq basan azərbaycanlı sən oldun.

- Bəs ermənilərlə münasibətin bundan sonrakı mənzərəsini necə təsvir edirsiniz ki, biz bu prosesdə uduzmayaq?

- Çox sayda belə fikirlər eşidirəm, oxuyuram. Bir növ kütləvi şəkildə ifadə olunur ki, ermənilərdən bir nəfər belə regiona qayıdarsa, bu, gələcəkdə bizim başımıza problem yarada bilər. Hamı belə deyir. Ermənilərin qayıdıb gəlməyini arzulamıram və bunun tərəfdarı da deyiləm.

Erməniləri biz qovmamışıq, özləri çıxıb gediblər. 44 günlük Vətən müharibəsində döyüş gedirdi və düşməni öldürməlisən. Amma sonrakı hadisələrdə antiterror tədbirlərində, başqa hadisələrdə dünyada heç kim deyə bilməz ki, bir erməninin burnunu qanatmışıq. Əksinə, Prezident İlham Əliyev dəfələrlə deyib ki, biz onların təhlükəsizliyinə təminat veririk.

Çıxıb gediblər, yaxşı ediblər. Özləri bilərlər, biz qovmamışıq. Qayıtmağa səbəb, ən əsas da üz lazımdır. Niyə gedirdin, niyə qayıdırsan?!

Amma o fikrin də tərəfdarı deyiləm ki, 3-5 erməni gəlsə, yenə başımıza faciələr gələcək. 3-5 erməni sənin başına istədiyi oyunu aça bilirsə, bəs sən niyə fil qulağında yatırsan? Sən niyə hazır olmamalısan ki, gələcəkdə sənə qarşı istənilən addıma hazır olasan və layiqli cavab verəsən.

Onsuz da Ermənistan Azərbaycanla qonşu dövlətdir. Qarabağda yaşamasalar da sərhəddə yaşayacaqlar. Yanımıza gəlməsələr də yaxınımızdadılar. Onlarla qonşu dövlətik gələcəkdə əlaqələrimiz də olacaq. Sayıqlığımızı itirməməliyik. Yəni həmişə hər şeyə hazır olmalıyıq. Güc-qüdrət, ordu, silah-sursat, müasir texnologiya həm də intellektual səviyyə və mədəniyyətdən cəhətdən hazır dayanmalıyıq.


Müəllif: Əsəd Məmmədəliyev