18 Sentyabr 19:11
9 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Universiteti artıq ilk tələbələrini qarşılayıb. Tələbələr yaşadıqları bölgələrdən Xankəndiyə 2 ailə üzvünün müşayiəti ilə yollanıblar.

Xankəndidə olan Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinin tələbəsi Fidan İbişova Teleqraf.com-a təəssüratlarını danışıb:

“İki gündür Xankəndidəyəm. Ailə üzvlərimlə gəlmişdim, onlar geri qayıtdılar. Ailəmdən ayrılmaq kədərli idi, sağollaşanda çox duyğulandım. Çünki 17 il onlarla yaşamışam. İndi tək yaşayacam. Amma burada yaxşı tələbə yoldaşlarım var. Ünsiyyətdə oluruq, dostluqlar qururuq. Hər şey çox yaxşıdır. Günüm maraqlı keçir.

Bizimlə yaxından maraqlanırlar. Problemlərimizi mümkün qədər tez həll etməyə çalışırlar. Çox ciddi problem yoxdur. İsti suyumuz hələ ki tam hazır olmayıb. Başqa heç bir problem yoxdur. İnanıram ki, hər şey zamanla daha yaxşı olacaq. Yataqxanamız da rahatdır. Universitetin açılmasını gözləyirik.

Bizim üçün infotur təşkil etdilər. Xankəndi şəhərini bir qədər də olsa gəzdik. Şəhərin mərkəzinə getdik, Beynəlxalq dil mərkəzində olduq”.

Fidan İbişova Xankəndi şəhərini gəzib, tanımağa çalışdıqlarını deyir:

“Hələ ki Universitetə gedə bilməmişik. Çünki orada təmir işləri gedir. Vaxtımızı keçirmək üçün yataqxanamızın həyəti var, yaxınlıqda park da salınıb.

Saat 10-dan gec olmamaq şərti ilə yataqxanaya qayıtmalıyıq. Bir-birimizlə tanış oluruq, burada İncəsənət məktəbi var. Musiqi alətlərindən gitaranı, pianonu öyrənmək istəyirik. Hazırda əsas planımız İngilis dili ilə bağlıdır. Hamımız ingilis dilini təkmilləşdirmək istəyirik. Çox xoşbəxtəm ki, Qarabağ Universitetini seçmişəm

Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər