18 Sentyabr 19:00
3 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır. Onun sözlərinə görə ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb.

“Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycan. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur”, - Hacıyev vurğulayıb.

Ölkə rəsmisi əlavə edib ki, Azərbaycan və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam edir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülüfüqarov Ermənistana dair yeni planla bağlı Teleqraf.com-un sualını cavablandırıb.

Diplomat qeyd edib ki, bir sıra dövlətlər tərəfindən Ermənistana yönəlik məntiqəzidd, heç bir mənəvi-siyasi çərçivəyə uyğun gəlməyən siyasət yürüdülür:

“Təsəvvür edin ki, işğalçı ölkəyə kömək edilib və edilir. Əksinə, işğala məruz qalan ölkəyə müxtəlif təzyiqlər olunur. İndi müxtəlif səpkili bəyanatlar verən dövlətlər də bilirlər ki, Ermənistan uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Bu gün də müxtəlif fikirlər səsləndirilir.

Marşal planına gəlincə, bunun hansı şəkildə olacağını deyə bilmərəm, ola bilsin, bu, şərti addır. Amma bu gün Ermənistana yönəlik müxtəlif fikirlər var. Həmin fikirlər də bundan ibarətdir ki, “Ermənistan güclü olmalıdır, o zaman Cənubi Qafqazda sülh və əmin-amanlıq bərqərar ola bilər”.

Bir dəfə Ermənistanın “güclü” olduğunu görmüşük, Rusiyanın köməyi ilə 30 il torpaqlarımızı işğalda saxladılar. Bu dövrdə etniktəmizlə həyata keçirildi, ərazilərimiz talan olundu və sair. İndi niyə Ermənistanın güclü olmasını istəyənlər öz fikir və məqsədlərini axıra qədər açıqlamırlar.

ABŞ-da verilən bəzi açıqlamalara gəlincə, bunlar seçkiqabağı verilən bəyanatlardır. Onların məqsədləri bu və ya digər şəkildə ABŞ-da yaşayan ermənilərin səslərini əldə etməkdir. Köməyin olub-olmayacağı hələ sual altındadır. Amma indiki mərhələdə bunlar seçkiqabağı dövrdə ermənilərin könlünü almağa hesablanmış bəyanatlara bənzəyir. Hər halda, ABŞ-da səsləndirilən bu fikirlər ilk növbədə bu mövzu ilə bağlıdır”.

Ziddiyyətlər nədən qaynaqlanır, niyə işğalçı ilə işğala məruz qalana məntiqə uyğun gəlməyən münasibət sərgilənir?

Tofiq Zülfüqarov hesab edir ki, indiki məqamda bu, bəzi ölkələrin daxili siyasi məqsədləri ilə bağlıdır:

“Siyasətdə bəyanatlarla real məqsədlərin fərqli olduğunu görürük. 1990-cı illərdə Azərbaycana qarşı ədalətsiz sanksiyalar tətbiq olundu. Əslində, 1974-cü ildə qəbul edilmiş “Cekson-Venik düzəlişi” əsasında digər post-sovet ölkələri ilə yanaşı, Ermənistana da sanksiyalar tətbiq edilirdi. Bu da ona görə tətbiq edilmişdi ki, Ermənistan qonşu ölkənin ərazilərini işğal altında saxlayırdı. Amma 1992-ci ildən “907-ci düzəliş” adıyla tətbiq olunan bu sanksiyalar 2004-cü ildə götürüldü.

“Cekson-Venik düzəlişi” 1974-cü ildə Sovet İttifaqına qarşı qəbul olunmuşdu. SSRİ dağıldıqdan sonra bu qadağalar sovetlərin varisləri olan ölkələrin hamısına şamil edilmişdi, bir müddət də qüvvədə saxlanılmışdı. Amma sonra bunlar tədricən aradan qaldırıldı. Məsələn, 2005-ci ildə Ukraynaya qarşı qadağalar ləğv edildi. Hər bir ölkəyə də ayrı-ayrı səbəblərə görə tətbiq olunmuşdu. Ermənistana isə 2004-cü ilədək Azərbaycan ərazilərini işğal etməsinə görə sanksiya tətbiq edilmişdi.

ABŞ o zaman da durumun hansı yerdə olduğunu yaxşı bilirdi. Amma indi də görürük ki, hansısa, əsasən də daxili siyasi məqsədləri naminə bu cür addımlar atmaq barədə bəyanatlar verilir. Bu gün bu haqda fikirlər səsləndirənlər o qanuna bir daha baxsınlar ki, niyə vaxtilə Ermənistana qarşı bu sanksiyalar qəbul edilmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər