19 Sentyabr 09:32
3 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Ermənistandakı son durumla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiyanın Ermənistana silah satışı və ya onu silahlandırmasını bərpa etdiyi barədə məlumat yayılıb. Ukraynada müharibənin davam etdiyi, yaxud özünün silaha ehtiyacının olduğu vaxtda Rusiyanın Ermənistanı yenidən silahlandırmasında hansı marağı var?

- Rusiya Ermənistanı əlindən çıxarmaq istəmir. Ən müxtəlif yollarla Ermənistanın Qərbə meyllənməsinin qarşısını almağa çalışırlar. Üstəgəl, Ermənistan vasitəsilə Cənubi Qafqazdakı mövqelərini qorumaq istəyirlər. Rusiya həddindən artıq təhlükəli ölkədir. Özlərinin də dediyi kimi, Rusiyanı ağılla dərk eləmək mümkün deyil. Amma Ermənistanın yumşalması və Rusiya ilə ortaq dil tapması məsələsinin özü də sual yaradır. Zənnimcə, bu, təhlükəli tendensiyadır və Cənubi Qafqazda yeni gərginliyə səbəb ola bilər.

- Baş nazir Nikol Paşinyan isə bəyan elədi ki, fürsət düşən kimi, Avropa Birliyinə üzvlük prosesinə başlayacaqlar. Əgər İrəvanın yolu Qərbədirsə, Rusiya erməniləri necə yenidən özünə sarı çevirəcək?

- Nikol Paşinyan Avropa tərəfdarı olan hökumət başçısıdır. Amma Nikolun ətrafı və müxalifət düşərgəsində xeyli adam var ki, Rusiya tərəfdarıdır. Hətta Rusiya bir dəstə hazırlayır ki, Ermənistanda dövlət çevrilişi həyata keçirsin. Moskva həmin adamlar vasitəsilə Ermənistanı öz təsir dairəsində saxlamaq niyyəti güdür. Ermənistan daxilində mürəkkəb proseslər gedir. Rusiyanın Ermənistandakı “5-ci kolon”u Paşinyan və komandasının səylərinin qarşısını almağa çalışır. Rusiyanın Ermənistan ordusundakı şəbəkəsi, həmçinin Rostovda hazırlanan xüsusi qüvvələr də bura daxildir. Bütün qüvvələrdən Ermənistanda aranı qarışdırmaq üçün istifadə etmək niyyətindədirlər. Paşinyanın bunun öhdəsindən necə gələcəyini görəcəyik.

- Rusiya Prezidenti Vladimir Putin bu günlərdə keçmiş həmkarı Robert Köçəryana zəng elədi. Söhbətin doğum günü təbriki ilə bağlı olduğu deyilsə də, bunun yaxın günlərdə İrəvanda başlayacaq Paşinyan hökumətinə qarşı itaətsizlik aksiyaları ərəfəsində baş tutması da diqqət çəkir. Putinin zəngini həm də bununla əlaqələndirmək olarmı?

- Məncə, elə bununla əlaqəlidir, siqnal verirlər. Anti-Nikol düşərgəsində yer alan adamlara bir mesajdır ki, hərəkətə keçin. İndi Rusiya bir əlində iki qarpız tutmağa çalışır: həm Ukrayna ilə döyüşür, həm də Ermənistanda dövlət çevrilişinə cəhd göstərir. Rusiya təhlükəli oynayır. Rusiya bölgədə gərginliyi artıracaq addımlar atmamalıdır. Görünən budur ki, Rusiya Cənubi Qafqazda yeni cəbhə açmaq istəyir.

- Hesab etmək olarmı ki, Rusiya Ermənistanda öz maraqlarına uyğun siyasi qüvvəni hakimiyyətə gətirsə, onun Azərbaycana da münasibəti dəyişəcək?

- Mütləq! Rusiya Ermənistanda özünə uyğun siyasi komandanı hakimiyyətə gətirsə, bundan Azərbaycana qarşı istifadə edəcək, yeri gəlsə, Gürcüstana qarşı yönəldəcək. Rusiyanın oyunları o qədər mürəkkəb və təhlükəlidir ki, bu barədə birmənalı fikir bildirmək asan deyil.

Rusiya Cənubi Qafqazı qarışdırmaq ərəfəsindədir. Bu qarışıqlıq Azərbaycana qarşı da çevrilə bilər.

- Ümumiyyətlə, hazırkı situasiyada Ermənistanda dövlət çevrilişi ehtimalı nə qədər mümkündür?

- Bu durum ABŞ və ya Qərbin mümkün gəlişmələrdə hansı mövqeni tutacağından asılıdır. Qərb bu vəziyyətə qarşı əks-gedişlər eləsə, o zaman deyə bilərik ki, Rusiyanın cəhdləri boşa çıxacaq. Güman edirəm ki, Qərb Rusiyaya keçid verməyəcək. Nikol Paşinyan ABŞ və Avropa Birliyindən ciddi dəstək alır. Məncə, onlar nə baş verdiyini bilirlər və mümkün gəlişmələrə qarşı hazırlıqlıdırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər