19 Sentyabr 09:14
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Zəngəzur dəhlizi məsələsinə kifayət qədər aqressiv yanaşır. Eyni zamanda bunu özünün qırmızı xətti elan edir. Amma bunun heç bir əsası yoxdur. Çünki Zəngəzur dəhlizinin açılması məsələsi üç ölkənin liderinin imzaladığı bəyanatda yer almış bir müddəadır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın öhdəlikləri var:

“Bu öhdəliklər yerinə yetirilməlidir. Buradan açılacaq kommunikasiya xətlərinin İranın təhlükəsizliyi, yaxud onun sərhədlərinin təhdid altına alınması ilə bağlı səsləndirilən fikirlər absurddur. Həqiqəti əks etdirmir. Sadəcə olaraq İran burada Ermənistandan daha çox özünün maraqlarını önə çəkir. İranın bu maraqları nədən ibarətdir? Zəngəzur dəhlizi ilə bağlı İranın siyasi maraqları var. İran istəyir ki, bu dəhliz onun öz ərazisindən keçsin. İran çox yaxşı bilir ki, Zəngəzur dəhlizi orta dəhlizin əsas komponentidir. Bu dəhliz üzərindən ildə 10 milyon tondan artıq yükün daşınması nəzərdə tutulub. Belə bir potensial var. Bundan başqa, bu dəhlizdən hər il 10 minlərlə avtonəqliyyat vasitəsi və 100 minlərlə insan səfər edə bilər ki, bunların hər biri də kifayət qədər maliyyə vəsaitlərini özündə əks etdirir. Yəni İran ilk növbədə belə bir dəhlizdə nəzarəti əlində saxlamaqla bundan təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Digər tərəfdən burada böyük maliyyə vəsaitlərinin daxil olması məsələsi var ki, İran bu maliyyə vəsaitlərindən məhrum olmaq istəmir. İranın əsas niyyəti ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin Güney Qafqazda rolunun möhkəmlənməsinə imkan verməsin. Bu ittifaqın güclənməsinə əngəl törətsin. Məhz İran bu baxımdan Zəngəzur dəhlizinin açılmasını istəmir.

Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanın Türkiyə ilə birbaşa əlaqələrin yaranması demək olacaq. Eyni zamanda, Türkiyənin bu dəhliz vasitəsilə Azərbaycan, o cümlədən Orta Asiya ilə əlaqələri ciddi şəkildə irəliləyəcək. Bu da İran tərəfindən arzuolunan bir məsələ kimi qəbul edilmir. İran hakimiyyəti hələ də Firdovsinin şahnaməsində olduğu kimi İran-Turan savaşı aparmaq niyyətindədir. Məhz bu səbəbdən də dəhlizin açılmasını istəmir. İran hazırda bu məsələdə Rusiya ilə üzbəüz gəlib. Düşünürəm ki, bu işin sonunda Kreml qətiyyət göstərsə, Rusiyanın dediyi olacaq.

Rusiyanın Ermənistan üzərində kifayət qədər təsir imkanları var, eyni zamanda üçtərəfli bəyanatda Ermənistanın öhdəlikləri və Paşinyanın imzası var. Bu baxımdan İranın nə deməsindən asılı olmayaraq, bu dəhliz açılacaq. İranın hazırkı isterikası həm də onunla bağlıdır ki, İranın yeni hakimiyyəti Qərblə yaxınlaşma xəttini həyata keçirməyə çalışır. Buna görə də hazırda İranın bu məsələ ilə bağlı fikirləri Amerika, Fransa və digərləri ilə daha çox üst-üstə düşür. Amma bütün hallarda bu işin sonunda hesab edirəm, İranın dediyi yox, əks cinahın dediyi və öhdəliklərə uyğun məsələ həllini tapacaq”.

Politoloq bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan son illər, xüsusilə də münasibətləri ciddi şəkildə inkişaf etdiriblər və bu, strateji tərəfdaşlıq hətta bu münasibətlər müttəfiqlik səviyyəsinə qədər artıq yüksəlməkdədir:

“İran çox yaxşı bilir ki, bu ölkələri qarşısını almaqla İran ciddi problem yaşaya bilər. Baxmayaraq ki, İran həm Pakistan, Türkiyə, həmçinin də Azərbaycana qarşı əslində qısqanc və qeyri-dost davranışları var. Amma İran eyni zamanda onu da anlayır ki, həm Pakistan, həm Türkiyə dünyada nüfuzlu dövlətlərdir. Pakistan həm də nüvə dövlətidir. Güclü orduya və iqtisadiyyata malikdirlər. İranla da geniş sərhədlərə sahibdirlər. İran bu faktorları nəzərə almağa məcburdur. İranda xarici siyasəti müəyyən edən prezident deyil. Bu dini lider və onun ətrafında SEPAH və digər qurumlar tərəfindən müəyyən olunmuş xarici siyasət var və biz həmin xarici siyasətdə hansısa 30 ildə dəyişikliklər olduğunu görmürük. Yaxın gələcək də, İranın Pakistan, Türkiyə, Azərbaycan üçlü formatına qoşulma ehtimalını mümkünsüz hesab edirəm”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər