19 Sentyabr 12:16
5 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

VI çağırış Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bakıda mövcud sıxlığın, tıxacın aradan qaldırılması, nəqliyyatın işinin təşkili ilə bağlı fərqli fikirlər səslənir. Bir çoxları Bakıdan dövlət orqanlarının və universitetlərin çıxarılması təklifi ilə çıxış edir. Sizcə bu problemin həlli üçün hansı addımlar atılmalıdır?

- Tıxac dünyanın bir çox böyük şəhərlərində həlli çətin problemlər sırasındadır. Bu problem Bakıda da getdikcə kəskinləşir. Bakıda tıxac problemi əvvəllər günün pik saatları üçün xarakterik idisə, hazırda günün daha çox hissəsində bu hal müşahidə olunur. Paytaxtda tıxac üzündən işə, dərsə, xəstəxanaya və planlaşdırılan yer və tədbirlərə gecikmə ənənəyə çevrilir. Bu, insanların vaxtını alır, sinirlərini pozur, izafi yanacaq sərfi, əlavə ekoloji problemlər yaradır. Ona görə də, şəhərin küçələrində getdikcə dözülməz hala çevrilən tıxacların qarşısını almaq həlli vacib məsələlərdən biridir. Tıxacın yaranmasının obyektiv, subyektiv, qlobal, lokal, sırf nəqliyyatla bağlı və nəqliyyatdan kənar səbəbləri çoxdur. Qısa zaman kəsiyində tıxac problemini köklü surətdə, əsaslı şəkildə aradan qaldırmaq mümkün olmayacaq. Amma beynəlxalq praktikada özünü doğruldan üsullardan real şəraitə uyğun surətdə yaradıcılıqla isitifadə etməklə, onun səngidilməsi istiqamətində xeyli iş görmək olar. Beynəlxalq praktikada onu səngitməkdən ötrü paytaxtın nəqliyyat sisteminin modernləşdirilməsi, strukturunun optimallaşdırılması, ictimai nəqliyyatın rolunun və fəaliyyətinin səmərəliliyinin artırılması kimi üsullar mövcuddur.

- Bəzi dünya ölkələrində paytaxtın mərkəzinə girişə məhdudiyyətlər tətbiq edilir. Bakıda bu nümunənin tətbiqi nə dərəcədə təsirli olar?

- Paytaxtın mərkəzinə giriş müxtəlif üsullarla, sıxlıq çox olan yerlərdə əlavə tənzimləmə vasitələrindən istifadə edilir. İşıqforda yaşıl işığın hərəkətin intensivliyinə uyğun olaraq tənzimlən kimi müxtəlif yanaşmalar tətbiq olunur. Çoxmərtəbəli körpülər sisteminin, metrostansiya şəbəkəsinin genişləndirilməsi, dəniz üzərindən Bakının müxtəlif yerlərinə avtomobil yollarının çəkilməsi, parklanma yerlərinin sayının artırılması, yolların daraldılaraq butulka effektinin yaranmasının qarşısının alınması kimi təsirli addımlarla tıxac problemini xeyli azaltmaq olar. Bakıda, xüsusən də mərkəzə və ona yaxın hissələrdə olan bəzi nazırlik və dövlət idarələrinin, universitetlərin bir hissəsinin regionlara köçürülməsi, həm tixac probleminin səngidilməsində, eyni zamanda regionların inkişafına da ciddi dəstək ola bilər.

- Urbanizasiya və şəhərə daha çox axının qarşısının alınması üçün effektiv addımlar nədən ibarət ola bilər?

- Bakının tıxac probleminin getdikcə kəskinləşməsinə münasibətdə aparıcı rol daha çox paytaxtla regionlar arasında iş yerləri, əmək haqqı, yaşayış şəraiti və tərzi və s. kimi amillər baxımından fərqin çox olmasıdır. Regionlarda iş yerlərinin azlığı və əmək haqqının Bakıdakından azı 2 dəfə aşağı olması və s. kimi amillər nəticəsində insanların iş, qazanc dalınca Bakıya gəlməyə məcbur olması daha böyük paya malikdir. Bunun nəticəsində Azərbaycanda mövcud olan nəqliyyat vasitələrinin çoxu Bakdadır və ya hər gün paytaxta daxil olur. Bakıda rəsmi statistikada göstərilən 2,4 milyon nəfərdən çox əhali yaşayır və yaxın onilliklərdə bu artım davam edəcək. Azərbaycanda mövcud olan 1,5 milyon nəqliyyat vasitəsinin 70 faizi Bakının payına düşür. Bu baxımdan Bakıda avtomobillərin sayı çox, nəzərdə tutulmuş yolların kilometrajı isə azdır. Belə şəraitdə Bakınının küçələrinin xeyli hissəsi hazırkı qədər nəqliyyat vasitələrinin geniş formada intensivliyini götürə, ”həzm edə” bilmir və bu amil tıxac problemini getdikcə kəskinləşməsində aparıcı rol oynayır.

- İnsanların regionlarda qalıb işləməsi, yaşaması üçün hansı təsirli layihələr icra olunmalıdır?

- Regionlarda insanların qalıb işləməsi üçün elə addımlar atılmalıdır ki, onlar üçün rayonda qalmaq sərfəli, Bakıdan regionlara qayıtmaq daha cəzbedici olsun. Bundan ötrü hər şeydən əvvəl regionlarda stimullaşdırıcı tədbirlərin köməyi ilə sahibkarlığın fəaliyyətinin və məşğulluğun dairəsinin genişləndirilməsinə, layiqli əmək haqqı olan və həm də rəqabətədavamlı iş yerlərinin açılmasına böyük ehtiyac var. Rəsmi statistik məlumatlara görə, Bakıda orta aylıq əmək haqqı 1270 manatdır. Regionlarda isə bundan 2 dəfə aşağı əməkhaqqı verilir. Məsələn Şəki-Zaqatala regionunda bir nəfərin orta aylıq əməkhaqqı 500 manatın üstündədir. Həmçinin bölgələrimizdə xeyli insanın orta aylıq maaşı bundan da aşağıdır. Ona görə də insanlar iş dalınca Bakıya üz tuturlar. Bakıda minimum səviyyədə yaşamaq və kirayədə qalmaq üçün 4 nəfərdən ibarət ailəyə 1400-1500 manat vəsait lazımdır.

- Paytaxtla bölgələr arasında gəlirlərin balansını necə tənzimləmək olar?

- Regionlarda yerli istehsal, idxalı əvəz edən məhsulların istehsalı, xidmət sahələrinin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər görülsə, Bakıdakı orta aylıq əmək haqqının yarısından bir qədər yuxarı, məsələn 700-800 manat maaşı olan iş yerləri açılsa heç kəs Bakıya iş üçün gəlməz, Hər kəs də elə öz şəhərində, rayonunda, kəndində qalıb orada işləməyə üstünlük verər. Regonların qalxınması üçün zəruri tədbirlər görmək və bölgələrdən Bakıya axının azalmasına nail olmaqla bir sıra mühüm problemlərin kəskinləşməsinin qarşısını almaq olar. Xüsusən də Bakıda tixac problemini xeyli səngitmək mümkündür. Çünki regionların inkişafı sürətləndirilsə, Bakı xeyli yüngülləşər, regionlardan paytaxta axın səngiyər, bölgələrə qayıdanlar çoxalar və bu əsasda şəhərdə avtomobil sayı da xeyli azalar. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış bu yöndə daha effektli olacaq.

- Sıxlığın aradan qaldırılması üçün paytaxtın dəyişdirilməsi ilə bağlı da təkliflər var...

- Bakının ifrat yüklənməsinin fəsadları çoxaldıqca, bu məsələnin də aktuallığı getdikcə artacaq. Bu, həmin istiqamətdə araşdırmaların intensivləşməsi və optimal variantın tapılması baxımından çox vacibdir. Paytaxtın dəyişdirilməsi həm strateji, həm də çox böyük maliyyə tutumlu məsələdir. Ona görə də 2030-cu il sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin 5 əsas prioritetindən çıxış etməklə demək olar ki, yaxın onillikdə dövlətin maliyyəsinin əsas hissəsi 5 prioritetin ən önəmlisi olan Böyük Qayıdışın reallaşdırılasına, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasına və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü rolunu oynasına yönəldiləcək. Amma bu sahədə həyat keçirilən işlər paytaxtın dəyişdirilməsi məsələsinin gündəmdən çıxmasına yox, reallaşması istiqamətində çoxvariantlı baxışların konkretləşməsinə və optimal varantın tapılmasına, seçilməsi xidmət edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər