Heydər Əliyev Mərkəzində "Yaradıcı Həftə" çərçivəsində ölkəmizdə ilk dəfə olaraq "Baku Cinema Breeze" Festivalının açılışı baş tutub.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov festivalın əhəmiyyətindən danışıb: "Bu festival ölkəmizdə ilk dəfə geniş miqyasda film festivallarını bir araya gətirib və dünya kinosunun ən yaxşı nümunələrini təqdim edir. "Baku Cinema Breeze" festivalı Azərbaycan kino sənayesinin inkişafı üçün çox önəmlidir. Bu tədbir ölkəmizi tanıtmaq üçün gözəl bir fürsətdir. Bu layihə Azərbaycana qlobal kino xəritəsində öz yerini tutmağa kömək edəcək. Ümid edirik ki, bu festival kino sənayemizin inkişafına yeni töhfə verəcək".
Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov jurnalistlərə açıqlamasında deyib ki, ölkəmizdə ilk dəfə olaraq "Baku Cinema Breeze" Festivalına start verilib: "Bu platforma çərçivəsində bir neçə film festivalları birləşir.
Belə ki, Doku Baku sənədli film festivalı, BİFF Bakı Beynəlxalq Film Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı və ANIMAFILM Beynəlxalq Animasiya Festivalını eyni platformada birləşir.
Platformanın əsas məqsədi isə ölkədə baş verən proseslərə marağın artırılması və kino sənayesində olan prosesləri sürətləndirməkdir.
Sabah ilk dəfə olaraq Şərq ölkələrinin kino sənaye bazarına start veriləcək. Burada fərqli ölkələrdən 30 dan çox podüser şirkətləri iştirak edəcəklər. Kino sənayesinin inkişafı sosial-iqtisadi strategiyası çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır.
Əsas məqsəd ölkədə kino sənayesində biznes subyektlərinin artırılması, layihələrin sayının artırılması və məşğulluğun artırılmasına səbəbdir".
Qeyd edək ki, "Yaradıcı Həftə"də müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklər iştirak ediblər. "Yaradıcı Həftə" 2-8 oktyabr tarixlərində baş tutacaq.