2 Oktyabr 13:51
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İsrailə raket hücumu Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə gərginləşdirdi. Bundan sonra iki tərəf arasında müharibənin qaçılmaz olduğunu demək mümkündür.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, İsrail buna təbii olaraq cavab verəcək:

"Artıq həm Amerika, həm də İsrail tərəfindən İrana xəbərdarlıqlar edildi ki, bu hücumun cavabı ağır olacaq. İranın bu hücumları iki səbəbdən həyata keçirildi. İlk növbədə İran nüfuzunu qorumaq üçün müəyyən bir addım atmalı idi ki, bunu da etdi. Digər tərəfdən İsrailə bu hücumları təşkil etməklə özünün Yaxın Şərqdəki son dövrlər çətin duruma düşən proksilərinə müəyyən qədər ümid verdi. Eyni zamanda göstərdi ki, o hələ ayaqdadır və onları müdafiə edir. Həmçinin İsraillə savaşa girməkdən də çəkinmir. İsrailin ərazisinə atılan raketlərin müəyyən hissəsi vurulmayıb. İsrail bunu da açıqladı. Qeyd olundu ki, atılan raketlərin əksəriyyəti zərərsizləşdirilsə də, bir qismi əraziyə düşüb. İndi dağıntılar və itkilərlə bağlı məsələ təbii ki, zamanla açıqlanacaq. İranda da bununla bağlı mövqe bir daha ifadə olunub. Bildirilib ki, İsrailin cavabı olacaqsa, İran da yenidən İsrailə zərbələr endirməyə hazırdır. Bu, təbii ki, eskalasiyanın əlamətidir. Amma hesab edirəm ki, əslində proseslər İsrailin düşündüyü ssenari də getməkdədir. İsrail İranı bu və ya digər şəkildə, savaş meydanına çəkmək istəyirdi ki, hesab edirəm buna da xeyli dərəcədə nail ola bildi. Yəni bir zamanlar aprel ayına qədər əgər Qəzzada baş verən hadisələrə və İsrail əməliyyatlarına beynəlxalq səviyyədə ciddi təpkilər başlanmışdısa apreldən sonra İranın İsrailə hücumu nəticəsində bu reaksiyaların xeyli azaldığını gördük”.

Politoloq bildirib ki, dünənki hücumlar əslində İsrail baş naziri Benyamin Netanyahunun şəxsi mənada həm reytinqinə, həm də mövqeyinə ciddi şəkildə müsbət mənada təsir etdi:

“Savaş başlamamışdan öncə İsrail baş nazirinə qarşı etirazlar həyata keçirilirdi. Yayda da bir neçə dəfə etirazlar oldu. Amma hazırkı şəraitdə artıq savaşın qızışdığı bir dönəmdə Netanyahu hökuməti öz mövqeyini qoruyub saxlayacaq. İsrailin cavabı İrana hökmən olacaq. Bununla bağlı artıq BMT kürsüsündən İsrail baş nazirinin açıqlaması olmuşdu. O bəyan etmişdi ki, İran İsrailə hücum edərsə, buna ağır şəkildə cavab veriləcək. Düşünürəm ki, İsrail artıq İran ərazisində vurulacaq hədəflərin siyahısını belə hazırlayıb. İsrail bu imkana da malikdir. Nəzərə alsaq ki, son bir neçə ayda proseslər əslində İsrail hökumətinin ssenarisinə uyğun cərəyan etməkdədir. İranın İsrailə son hücumu da əslində İsrailin bir formada əlini gücləndirdi deyə bilərik”.

Oqtay Qasımov qeyd edib ki, indi İsrail, Amerika və digər müttəfiqlərin də dəstəyini arxasına almaqla İran ərazisində daha genişmiqyaslı əməliyyatlar həyata keçirilə bilər:

“Təbii bunlar hava qüvvələri eyni zamanda dronlar və uzaqmənzilli raketlər vasitəsilə həyata keçiriləcək. Nəzərə alsaq ki, İsraildən fərqli olaraq İranın hava hücumundan müdafiə sistemləri yetərincə effektiv işləmir. Biz bunu uzun müddətdən bəri görməkdəyik. O zaman İran üçün bunun nəticələri kifayət qədər ciddi olacaq. Yəni dünənki hadisə ilə İran bir formada proksilərin qarşısında və dünyada özünü sübut etməyə çalışsa da, hesab edirəm ki, bu daha çox İsrailin işinə yaradı. İsrail bundan hökmən istifadə edəcək”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər