26 May 2015 01:12
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Polşadakı səfirliyi 28 May-Respublika Günü münasibətilə Varşava şəhərindəki Kral Sarayında “Azərbaycan muğamı” adlı konsert təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycandan dəvət olunmuş muğam ifaçıları Ehtiram Hüseynovun, Aytən Məhərrəmovanın, musiqiçilər Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança), Gülşən Ağayeva (qanun), Nuran Bəkirov (balaban), Kamran Kərimovun (nağara) ifasında muğam xəzinəmizin nümunələri qonaqlara təqdim edilib. Xanəndələrin oxuduqları “Bayatı Şiraz”, “Sarı gəlin” və “Qarabağ şikəstəsi” qonaqlar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Kral Sarayının əməkdaşı, musiqişünas Aleksandra Buşta-Bonk çıxış edərək Azərbaycan muğamının qədim tarixi və fəlsəfəsi ilə bağlı qonaqlara məlumat verib. O, muğam ifası zamanı istifadə edilən musiqi alətlərinin təkrarolunmaz səsə malik olduğunu qeyd edib. Xanım Aleksandra Buşta-Bonk min illik tarixə malik musiqi incisinin Kral Sarayında səsləndirilməsinin çox önəmli hadisə olduğunu diqqətə çatdırıb.

Hökumət nümayəndələri, Polşada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, iş adamları, jurnalistlər də daxil olmaqla ümumilikdə 400 nəfər konsertə tamaşa edib.

Sonda Kral Sarayında Respublika Günü münasibətilə ziyafət verilib.


Müəllif:

Oxşar xəbərlər