2 Dekabr 2015 11:48
3 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Sivil valideyn qurumları məktəblərdə qanunsuz xərcləri aradan qaldıra bilər”

Təhsil naziri Mikayıl Cabbarov orta məktəblərdə qanunsuz pul toplantısının, “fondpulu”nun qarşısını almaq məqsədi ilə məktəb direktorlarına plastik kartların verilməsi məsələsini 2013-cü ildən aktuallaşdırıb. Təsərrüfat məqsədləri üçün məktəb direktorlarına 2013-cü ilin dekabrından plastik kartlarla müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.

Buna baxmayaraq “fondpulu”nun toplanması bəzi məktəblərdə hələ də qalmaqdadır. Xəzər rayonu 237 saylı orta məktəbin müəllimlərindən birinin sözlərinə görə, burda müəllimlərdən hər ay 5 manat “fondpulu”, ildə 2 dəfə qəzetlərə 5 manat abunəhaqqı, hətta 3 ay yay tətili müddəti üçün də 15 manat (o da “fondpulu” adıyla) toplanır.

Bir neçə ildir bəzi məktəblərdə valideynlərdən toplanan fondpulundan əlavə I, IV, XI siniflərin şagirdlərindən “vinetka” pulu da alınır. Bakı şəhəri, Nərimanov rayonu 36 və 45 saylı orta məktəblərin I sinif şagirdlərinin valideynləri redaksiyamıza müraciət edərək bildiriblər ki, onlardan “vinetka” üçün 25 və 36 manat pul istənilib. Sadə “vinetka” 25 manat, milli geyim, məktəbli və adi geyimli məzunlar isə 36 manatdır.

İmkanı olmadığı üçün buna etiraz edən valideynlərdən birinə bildirilib ki, bu məsələ Təhsil Nazirliyinin nəzarətindədir. Bəzi məktəblərdə isə Bakı şəhər Təhsil İdarəsinin adından istifadə edilir ki, bu səlahiyyətli təhsil qurumlarının nüfuzuna xələl gətirir.

Adətən, məktəblə sıx ünsiyyətdə analar olur. Məktəblərdə əsasən təşkilati işlərdə pul toplanması funksiyasını icra edən valideyn komitələrinin rəhbərləri də çox hallarda qadınlardan seçilir. Valideynlərdən birinin sözlərinə görə, komitə sədri anaya təzyiq göstərib ki, həyat yoldaşından gizlin məktəbə pul gətirsin.

Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxladıq. BŞTİ-dən bildirildi ki, həmin məktəblərlə bağlı faktlar idarəyə təqdim olunarsa, məsələ araşdırılıb, müvafiq tədbir görülər.

“Azərbaycan Valideyn Müəllim Assosiasiyası” İctimai Birliyinin (AVMA) icraçı direktorunun müavini Şahin Rəcəbovun sözlərinə görə, məktəblərdə bu cür neqativ halların aradan qaldırılması üçün məktəb, müəllim, valideyn, şagird münasibətlərini tənzimləyən, təhsilin keyfiyyətinə ictimai nəzarəti təmin edən qurumların bütün məktəblərdə fəaliyyətinə ehtiyac var.

Hazırda AVMA-nın 121 məktəbdə rəsmi qeydiyyatdan keçdiyini deyən Şahin Rəcəbov 4500 orta məktəb qarşılığında bu rəqəmin çox kiçik olduğunu bildirdi. Onun sözlərinə görə, AVMA-nın təmsilçiləri olan məktəblərdə şəffaf nəzarət mexanizmləri qurulub: “67 və 187 saylı, eləcə də ”Zəngi" məktəblərində şəffaf hesabatlılığa əsaslanan uğurlu AVMA modelinin nailiyyətləri təhsil ictimaiyyətinə məlumdur. AVMA-nın müasir təcrübədən qaynaqlanan fəaliyyət mexanizmləri artıq formalaşıb, saytımız var, orada məktəblərdəki filialların fəaliyyətinə dair yazılar yer alır, nəzarət mexanizmləri də şəffafdır. Sayta hər bir valideyn, şagird, müəllim açıq məktub yazıb, məktəblərdən istənilən məlumatları göndərə bilər. Bu müraciətlər dərhal öyrənilir, araşdırılır və tədbirlər görülür".

Şahin Rəcəbov bildirdi ki, AVMA-nın fəaliyyətinin ilk illərində bəzi məktəb rəhbərləri bu qurumun yaradılmasında maraqlı deyildilər. Lakin maarifləndirmə işlərinin aparılmasından sonra bu missiyanın mahiyyətini obyektiv dəyərləndirən məktəb rəhbərləri bunun inkişafında maraqlı oldular. Son 1 ildə şəffaflıq tələbinin qarşılığında bəzi məktəb rəhbərləri AVMA-nın işinə müdaxilə edərək süni məhdudiyyətlər yaratsa da, hazırda bu qurumun fəaliyyətinə cəmiyyətdə maraq göstərənlərin sayı artıb: “Biz çalışırıq ki, fəaliyyətimizdə ilk növbədə qanunvericiliyi və nəzarət mexanizmlərini tətbiq edək. Hansı məktəblər bu kriteriyalara cavab verir, həmin məktəblərdə AVMA-nın fəaliyyətini təmin edirik. Biz öz nümayəndələrimizə bildirmişik ki, məktəbdə konflikt yox, əməkdaşlığı bacaranlar, bütün məktəbə iştirakçıları ilə, xüsusən valideynlərlə ünsiyyəti qurmağı bacaranlar bu qurumda təmsil oluna bilər”.

Şahin Rəcəbovun sözlərinə görə, sovet dövründən qalma ənənəvi valideyn komitələrinin ləğv edilməsi ilə bağlı məlumatlar var: “Çox təəssüf ki, hətta AVMA olmayan məktəblərdə valideyn komitələri öz qeyri-leqal fəaliyyətlərini AVMA-nın adı ilə bağlayır və məktəb rəhbərləri ”işgüzar" əlaqələr qururlar. Bu komitələrin fəaliyyəti əslində heç bir hüquqi bazaya söykənmir. Məktəblərə ictimai nəzarəti təmin edən qurumların fəaliyyəti hüquqi əsaslarla tənzimlənməlidir. Belə qurum ya məktəb normativləri çərçivəsində, ya Təhsil Nazirliyinin təşəbbüsü ilə, ya da ictimai təşkilat kimi rəsmi qeydiyyatdan keçən qurum kimi fəaliyyət göstərə bilər".

Ekspert dedi ki, məktəblərdə özbaşına yığımın qarşısını almaq üçün valideynlərin belə icmalarda qanuni ödəmə aparmaqla təhsilin keyfiyyətində mühüm rol oynamaq kimi səlahiyyətini təmin etmək mümkündür: “Onsuz da əksər valideyn üçün məktəb xərci problemi mövcuddur. Qanunsuz pul toplamaları da onlar üçün əlavə problemlər yaradır. Bizim də məqsədimiz odur ki, bu proses qanuniləşdirlisin. Valideyn məktəb üçün verdiyi qəpiyin hansı təyinatla xərclənməsindən məlumatlı olsun. Bunun üçün az məbləğdə üzvlük haqqı toplansın, qanuni vergi ödəmələri ilə bu qurumun fəaliyyəti tənzimlənsin və bu məbləğ də ilk növbədə təhsilin keyfiyyətlinin yüksəldilməsinə, maarifləndirmə tədbirlərinə, uşaqların asudə vaxtının səmərəli təşkili, sağlamlıq, gigiyena, təlim-tədrisdə əyaniliyin tətbiqi, uşaqların, müəllimlərin qiymətləndirilməsi problemlərinə yönəlsin”.

Şahin Rəcəbov dedi ki, hazırda AVMA-nın Təhsil Nazirliyinində dəstək verdiyi son layihələrimizdə Valideyn Təlim Mərkəzləri yaradılması təşəbbüsünü irəli sürmüşük: “Bu mərkəzlərdə sosioloqlar, psixoloqlar və digər mütəxəssislər valideynlərlə ailə mədəniyyəti, uşaqlarla davranışa, məktəblə münasibət, təhsilin keyfiyyətini yüksəltmək üçün hansı ehtiyaclar, problemlərin öyrənilib aradan qaldırılması yolları haqqında təlimat verilməsi nəzərdə tutulub”.

Təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə hazırda fəaliyyət göstərən valideyn komitələrinin əksəriyyəti makler rolunu oynayır bu ənənəni aradan qaldırmaq üçün sivil formalı valideyn qurumları fəaliyyət göstərməlidir: “Valideynlərin məktəbə maddi köməyi qanunla qadağan olunmayıb. Dünyanın müxtəlif ölkələrində bu üsuldan istifadə edilir. Hazırda təhsilin mövcud olan vəziyyəti elədir ki, bunu yalnız və yalnız obyektiv amillərin öhdəsinə buraxmaq lazımdır. Buna nəzarət də elektron qaydada mümkündür. Qanuni fəaliyyət göstərən sayt açılmalıdır. Məktəbə ianə göndərən valideyn həmin sayt vasitəsilə göndərdiyi məbləğin hansı istiqamətdə xərclənməsi o saytda yer almalıdır. Bu sayt valideyn məktəbə ianə göndəririsə, həmin ianədən məktəb necə istifadə edəcəksə, o saytda bu şəffaf şəkildə göstərilsin, eyni zamanda hesabatlılıq təmin olsun. Yalnız bu yolla sivil valideyn qurumları yaradıla bilər”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər