4 Dekabr 2015 16:23
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də “Four Seasons Baku” otelində Azərbaycan Konqreslər Bürosunun 2015-ci il üçün 4-cü hesabat iclası keçirilib.

İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

Tədbiri giriş sözü ilə açan büronun icraçı direktoru Florian Sengstschmid gündəlik barədə məlumat verib. Bildirib ki, iclasın əsas məqsədlərdən biri də 2016-cı il üçün sektorda gözləntilərin təhlili, hadisələrin inkişaf istiqamətlərinə uyğun proqnozlaşdırma və analizlərin aparılmasıdır.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin sonunda nazirliyin dəstəyi ilə yaradılan Azərbaycan Konqreslər Bürosunun ötən müddətdə fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd olundu ki, Azərbaycanın turizm sənayesində müsbət meyllərlə yanaşı, son zamanlar regionda baş verən proseslər fonunda müəyyən təsirlər də özünü göstərir. Qonşu Rusiya və Türkiyə arasında cərəyan edən hadisələr də bu qəbildəndir: “Azərbaycan elə bir regionda yerləşir ki, bölgədə baş verən hər hansı müsbət və ya mənfi hadisə öz təsirini bütün sahələrdə hiss etdirir, o cümlədən turizm sahəsində. Bu baxımdan turizm sənayesi, xüsusilə Azərbaycan Konqreslər Bürosu bu məsələlərə günün reallıqları baxımından yanaşmalı, yeni şəraitə və şərtlərə uyğun fəaliyyətini qurmalıdır”.

Nazir bildirib ki, Azərbaycan turizmi üçün əsas müştəri bazarı qonşu Rusiyadan və qardaş Türkiyədən formalaşmalıdır və biz bu bazarlarda kifayət qədər aktiv təmsil olunmalıyıq. Yay və dəniz turizmi baxımından Türkiyənin təkliflərini əvəzləyə bilməsək də, mədəni turizm, regionların turizmi, xüsusilə Qusar, Qəbələ və digər bölgələrdə yerləşən turizm komplekslərinin imkanları dəyərləndirilməlidir və Azərbaycanın bu baxımdan kifayət qədər imkanları var.

Ölkəmizin müalicə turizmi ilə bağlı potensialının da yetərincə təbliğ və təşviq olunmadığını vurğulayan Əbülfəs Qarayev bu sahədə müasir infrastrukturun yaradıldığını, böyük perspektivin olduğunu qeyd etdi: “Müalicə turizmi ilə bağlı ölkədə böyük işlər görülüb. Naftalan, Qalaaltı müalicə turizm kompleksləri ən yüksək standartlara cavab verir. Mən çox istərdim ki, büro öz fəaliyyətini bu sahədə genişləndirsin, Azərbaycanın müalicə turizmi ölkəsi kimi tanınmasına töhfə versin. Biz də nazirlik olaraq müsbət təşəbbüslər üçün lazımi dəstəyi verməyə hazırıq. Təsadüfi deyil ki, Nazirliyin dəstəyi ilə bu yaxınlarda Azərbaycan Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvlüyünə daxil olmuşdur”.
Sonra iclasda hesabat çıxışları dinlənilib.

Azərbaycan Konqreslər Bürosunun icraçı direktor Florian Sengstschmid çıxışında 2015-ci ili qurumun fəaliyyəti baxımından uğurlu dövr adlandırdı, nazirə və nazirliyin əməkdaşlarına göstərdikləri hərtərəfli dəstəyə görə minnətdarlığını bildirdi. İl ərzində əldə olunan nailiyyətlərdən söz açan büro rəhbəri ölkənin turizm imanlarının təbliği istiqamətdə görülən işlərə nəzər saldı.

Qeyd etdi ki, bu il büro Rusiya başda olmaqla MDB məkanında, Türkiyədə və digər qonşu ölkələrdə daha aktiv təbliğat işləri qura bilib. Büro rəhbəri bu istiqamətdə Heydər Əliyev Fondunun, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, xarici və yerli medianın imkanlarından yararlandıqlarını diqqətə çatdırıb.

İLHAMƏ


Müəllif: