28 Dekabr 2015 14:31
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dollarla müqayisədə manatın məzənnəsinin öz dəyərini itirməsi daşınmaz əmlak bazarına da təsir göstərib. Bəzi ekspertlər hesab edir ki, ev alqı-satqısı ilə məşğul olanlar ilk vaxtlar digər məhsullardakı qiymət artımına nəzərən daşınmaz əmlak bazarında da qiymətləri yüksəldəcəklər, amma bu, müvəqqəti xarakter alacaq.

Bu ilin fevralında dolların məzənnəsinin nisbətən artmasının ev bazarına ciddi şəkildə təsir göstərməsi və daşınmaz əmlak bazarında ucuzlaşma ilə nəticələnməsi, prosesin yenidən təkrarlanacağı və ucuzlaşmanın daha kəskin şəkil alacağını proqnozlaşdırmağa əsas verir.

Onsuz da gələn il mənzillərin qiymətlərinin 10 faiz ucuzlaşacağını proqnozlaşdıran ekspertlər son devalvasiya hadisəsinə görə, prosesin daha sürətlənəcəyi qənaətindədirlər.

Daşınmaz əmlak bazarı böyük pulların dövr elədiyi bazar olduğuna görə alıcıların tərəddüdləri daha çox bu sahədə özünü büruzə verir və bu səbəbdən hələlik ev bazarında durğunluqdur. Söhbət apardığımız maklerlər bildirdilər ki, nə gələn var, nə ev soraqlayan.

Əmlak bazarı üzrə ekspert Rafiq İmanov hesab edir ki, son devalvasiya prosesinə qədər də mənzil bazarında alqı-satqı prosesi onsuz da bu ilin yanvar ayından səngiyib. Bundan sonra isə mənzil bazarında alıcılıq qabaliyyətinin tamamilə aşağı enəcəyi gözləniləndir. Ucuzlaşmanın yenə də təkrar mənzil bazarında müşahidə olunacağını deyən ekspertin sözlərinə görə, ilkin mənzil bazarı üçün vəziyyət müxtəlif cür olacaq. Belə ki, tikinti sektorunda xarici şirkətlərlə əməkdaşlıq edərək inşaat işlərini icra edən sahibkarlar, tikinti materiallarını həmin şirkətlər vasitəsilə xaricdən gətirdiklərinə görə, həmin şirkətlərin qiymətlərdə endirim yox, bahalaşma edəcəyi zərurəti yaranacaq: “Hansı tikinti şirkətləri ki, tikinti materiallarını xaricdən valyuta ilə alır, həmin şirkətlərin satdığı mənzillərdə qiymətlərin bahalaşacağı gözləniləndir. Şübhəsiz ki, bu amil də tikinti materiallarının qiymətinin artmasına səbəb olacaq. Fərdi torpaq sahəsində aparılan ev tikintisinə də bu öz mənfi təsirini göstərəcək. Amma əhalinin alıcılıq səviyyəsi aşağı endiyinə görə, torpaq bazarında qiymətlərin azalması gözlənilir. Əvvəllər paytaxtın müəyyən hissələrində köhnə tikintilər sökülüb, əvəzində yeni binalar tikilirdi. Sökülən mənzillərin sakinlərinə dövlət ödəniş etdiyi üçün əhali şəhərətrafı yerlərdə torpaq aldığı üçün torpaq bazarına maraq çox idi. Hazırda isə bu tendensiya səngidiyinə görə torpaq bazarında ucuzlaşma olacaq”.

Ekspert qeyd etdi ki, bir çox ekspertlər birmənalı şəkildə ucuzlaşmanın labüd olduğunu bildirirlər, amma bu məsələlərə fərqli yanaşılmalıdır: “Çünki paytaxtda qiymətlər zonalar üzrə fərqli olduğuna görə, şəhərin mərkəzi rayonları ilə kənardakı rayonların müqayisəsində ciddi fərqlər var”.

Ekspert bildirdi ki, kirayə mənzil bazarında da qiymətlərin enəcəyi gözləniləndir. Onun fikrincə, paytaxtda kirayə yaşayanların əksəriyyəti daha çox regiondan gələn tələbələr və paytaxta iş üçün üz tutan, maddi təminatı aşağı olan şəxslər olduğu üçün, onların kirayəhaqqını ödəmək imkanlarının zəifləməsi üzündən ev sahibinin qiymət endirimi etməsi gözləniləndir.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər