19 il sonra qaldırılan vərəsəlik iddiası Şıxəliyevlər ailəsində narazılığa səbəb olub. İki uşaq anası Gülnaz Şıxəliyeva deyir ki, Bakı şəhəri sakini Şıxəliyev Fariz Faiq oğlu mərhum ərinin nənəsindən qalma mülklə bağlı məhkəməyə müraciət edib.
Gülnaz iki otaqlı mənzildən yoldaşının əmisinə pay vermək istəmir. “13 yaşlı qızım və 15 yaşlı oğlum var. Özüm dul qadınam. Tanımadığım adamla bir mənzildə necə qalım? Mənzili satsam, gərək yoldaşımın digər əmilərinə də pul verim. O zaman özümə yeni ev ala bilməyəcəm və kirələrdə qalası olacam. Yaşadığım mənzili dəfələrlə təmir etdirmişik. 19 ildir ki, Rusiyada yaçayan Şıxəliyev Fariz indi iddia qaldırır ki, mənzildə onun payı var”.
Problemin mahiyyəti
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94 ünvanında yaşayan Şıxəliyeva Nəzakət Mətləb qızı 1996-cı il martın 15-də dünyasını dəyişəndən sonra ortancıl oğlu Şıxəliyev Eldar Faiq oğlu həmin mənzildə yaşayıb. Eldarın böyük qardaşı Moskvada, kiçik qardaşı isə Bakıda digər ünvanda yaşayıb. 2003-cü ildə Şıxəliyev Eldar dünyasını dəyişəndən sonra sözügedən ünvanda oğlu Şıxəliyev Elşən Eldar oğlu qalıb. Elşən 2013-cü ildə dünyasını dəyişib. Hazırda həmin mənzildə Elşənin həyat yoldaşı və iki övladı yaşayır.
2015-ci ilin ilin sonlarında mərhum Elşənin Moskvada yaşayan əmisi Şıxəliyev Fariz Faiq oğlu Azərbaycana gəlib. O, anasından qalma evdən ona pay düşdüyünü iddia edir. Amma mərhumun yoldaşı buna etiraz edir və bildirir ki, o, yoldaşının əmisi ilə eyni mənzildə yaşaya bilməz. Fariz Şıxəliyev Nizami rayon məhkəməsinə müraciət edərək anasından qalma evdən ona pay düşdüyünü, vərəsəlik hüququnun təmin edilməsini tələb edir. Evdə faktiki yaşayan dul qadın isə narahatlıq içərisindədir. Üzünü bircə dəfə gördüyü şəxslə bir mənzildə yaşamaq niyyətində deyil.
Qeyd olunan nümunə hazırda Azərbaycanda geniş yayılıb. Vərəsəliklə bağlı məhkəmə iddialarının əksəriyyəti bu motivlidir. Məsələnin hüquqi tərəflərini araşdırmaq üçün bu sahənin bilicilərinə müraciət etdik.
Mövcud Mülki Məcəllə ilə əvvəlki Məcəllə arasındakı fərqlər
Bakı Hüquq Mərkəzinin eksperti, hüquqşünas Dünyamin Novruzov qeyd edir ki, indiki Mülki Məcəllə 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minib. Ona qədər mülki mübahisələrə Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları əsasında baxılırdı. Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd olunur ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.
Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.
Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur”.
Hüquqşünas bildirir ki, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər: “Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.
Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər, miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa və s.) haqlı deyildir. Bu halda vərəsə, miras əmlakı hesabına, yalnız aşağıdakı xərcləri çəkə bilər: 1) miras qoyanın xəstəliyi zamanı edilən xidmətlər və həmçinin onun dəfni üçün; 2) miras qoymuş şəxsin himayəsində olan şəxslərin saxlanması üçün; 3) əmək haqqı üzrə pretenziyaların və ona bərabər tutulan pretenziyaların tə`mini üçün; 4) miras əmlakının mühafizəsi və onun idarə edilməsi üçün. Köhnə Məcəlləyə görə, iki ay müddətində iddia qaldırmayıbsa, sonradan bu məsələyə baxıla bilməzdi”.
Hüquqşünas Müzəffər Baxışov bildirir ki, 2000-ci ildə qəbul olunmuş Mülki Məcəlləyə görə, vətəndaş istənilən vaxt məhkəmə qarşısında vərəsəliklə bağlı iddia qaldıra bilər: “Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir(MM maddə 375.1) Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM maddə 375.2.) Yəni cavabdeh tərəf məhkəmədə iddia müddətinin bitməsi barədə iddia qaldırıb məsələni öz xeyrinə həll edə bilər”.
Əmi ilə gəlin bir mənzildə necə yaşasın?
Hüquqşüns Vüqar Səfərli hesab edir ki, Şıxəliyeva Nəzakət Mətləb qızının mülkiyyətində olmuş sözügedən mənzilə onun ölümündən sonra oğlu Şıxəliyev Eldarın hansı qaydada bütünlüklə tək sahiblik hüququ əldə etməsi araşdırılmalıdır: “Vərəsə əgər mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermişdirsə, həmim miras əmlaka məcburi pay üzrə digər vərəsələrin o cümlədən hazırda miras əmlakının bölünməsi tələbi ilə məhkəməyə müraciət etmiş Şıxəliyev Farizin onun xeyrinə imtina etməsi lazımdır. Əgər belə imtina yoxdursa Şıxəliyev Farizin iddia tələbi əsaslıdır. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən Şıxəliyev Fariz qanun üzrə birinci növbə vərəsə sayılır. Qeyd etmək istəyirəm ki, Elşənin 2 övladının Miras əmlakından məcburi pay almaq hüquqları olsa da, həyat yoldaşı vərəsə sayılmadığı üçün bu hüquqa sahib deyildir. Buna görə də Farizin iddiası üzrə miras əmlakının paylara mütənasib bölünməsi tələbi miras əmlakı ( mənzilin ) həmin evin Elşənin övladları ilə bölünməsi mümkünlüyünü özündə ehtiva edir. Şıxəliyev Farizin digər vərəsələrlə evdə yaşaması mümkün deylsə miras əmlakı paylara mütənasib şəkildə naturada bölünə bilər. Mülki Məcəlkənin 1276 -cı maddəsinin dizpozisyasında da deyildiyi kimi hər bir vərəsə həm daşınar hən daşınmaz əmlakdan öz payını naturada tələb edə bilər. Bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun”.
19 ildən sonra iddia qaldırılmasının mümkünlüyünə toxunan hüquqşünas hesab edir ki, bu, mümkündür: “İddia müddəti ötüb. Amma mənzilin faktiki sahibi iddia müddətinin bitməsinə dair vəsatət qaldırmasa məhkəmə iddia müddətinin ötürülməsini üzrlü hal kimi qəbul edərək məsələyə baxa bilər”
Hüquqşünas Əkrəm Həsənova görə, ev hələ də Şıxəliyeva Nəzakətin adınadırsa, mülkdən onun oğullarının hamısına pay düşür: “Hüquq şikayətçinin tərəfindədir. Qadın onunla yaşamaq istəmirsə, ev satılmalı və əldə olunan vəsait bölünməlidir”.
Xarici təcrübə
Hüquqşünas, mülki məsələlər üzrə vəkil Elnur Məmmədov hesab edir ki, Mülki Məcəllənin 62-ci fəsilinə, yəni Vərəsəlik hüququna “əl gəzdirilməli”dir: “Azərbaycanda qeyd etdiyiniz hal üzrə hazırda bir çox ailələrdə problem yaşanır. Adam on illərlə nənə-babasından və ya ata-anasından qalma mülkdə yaşayır. Bu müddət ərzində heç kəs “bu mülkdən mənə pay” düşür iddiasını qaldırmır. 10-15 il sonra kiminsə yadına düşür ki, burada onun payı var və bundan sonra mübahisə başlayır. Bəzi Avropa ölkələrində bu məsələ başqa cür həll edilir. Şəxs rəhmətə gedəndən sonra müvafiq dövlət idarəsi vərəsələrə onların hüquqlarını izah edir. Miras qoyan və ya ölən şəxsin öldüyü gündən sonra müəyyən müddətə ərzində vərəsələr müqavilə bağlayırlar. Vərəsələr yazılı şəkildə onlara çatmalı olan paylardan imtina edə, yaxud imtina etməyə bilər. Bu halda əmlak qanunauyğun şəkildə tərəflər arasında bölünür. Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir(MM Maddə 1268)
Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz(1268.1). Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. (1268.2.) Təəssüf ki, Azərbaycanda vərəsəliklə bağlı qanunvericilikdə boşluqlar var. Ona görə də tez-tez bu cür mübahisələrlə rastlaşırıq”.
Ruslan Xəlilov