10 İyun 2016 10:07
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Qobustan həbsxanasında məhkumu öldürməyə cəhddə ittiham olunan Ramiz İmaniyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə Ədliyyə Nazirliyinin Qobustan həbsxanasının 512-ci kamerasında baş verib. Ramiz İmaniyev kamera yoldaşı Ağasadıq Əliyevin yatdığı yerdə üstünə qaynar su tökərək yandırıb.

Ağasadıq Əliyevə tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Ramiz İmaniyev Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) və 317-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, bundan əvvəl Ramiz İmaniyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib və məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə zamanı xəsarət alan Ağasadıq Əliyev isə “Eurovision 2012” mahnı yarışması ərəfəsində Azərbaycan Prezidentinə sui-qəsdə cəhddə hazırlıqda, Milli Təhlükəsizlik Nazirliyinin polkovnikini öldürməkdə təqsirli bilinib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunub.


Əlavə edək ki, Ağasadıq Əliyev Vüqar Padarovun rəhbərlik etdiyi dəstənin üzvü olub. İttihama görə, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan Prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirməyi, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, bu strukturların əməkdaşlarını öldürülməyi və inzibati binalarda olan silah-sursat ələ keçirməyi planlaşdırıblar. Eyni zamanda bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz İmaniyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Ramiz İmaniyev cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Ramiz İmaniyevin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər