23 İyun 2016 16:58
2 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Bərdə rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, qətl hadisəsi rayonun Qaratəpə kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Günel Həsənova bir neçə müddətdir ayrı yaşadığı həyat yoldaşı Səbuhi Həsənov tərəfindən gecə saatlarında baltalanaraq qətlə yetirilib.

Hadisə gecə saat 04:00-da törədilib. Qətl qısqanclıq zəminində baş verib. Səbuhi Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Günel Həsənova ilə Səbuhi Həsənov arasındakı münasibətlər xeyli vaxtdır ki, pozulub. Bu səbəbdən ər və arvadı bir neçə dəfə bir-birindən polisə şikayət edib. Bu ilin may ayında isə cütlük boşanmağa qərar verib və məhkəməyə müraciət ediblər. Məhkəmə isə onlara münasibətlərini ayırd etmək üçün bir neçə ay vaxt verib.

İlkin dindirilmə zamanı Səbuhi Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Səbuhi Həsənov ilkin ifadəsində iddia edib ki, keçən ay həyat yoldaşını yaşadığı evdə başqa bir şəxslə birgə yaxalayıb və məhz bundan sonra boşanmağa qərar verib. O, həmçinin əlavə edib ki, Günel Həsənova uşaqları ona vermək istəmirmiş.

Qətlə yetirilən Günelin qardaşı Yelmar Səfərov bacısının ailəsində uzun müddətdir münaqişə olduğunu deyib. O, bildirib ki, mərhum bacısının iyunun 24-də ərindən boşanma iddiası ilə bağlı məhkəmə prosesi olacaqmış: “Yeznə-qayın idik. Mənim bacım onda, onun da bacısı məndədir. Bacımın ailəsində daim söz-söhbət vardı. Dolanmırdılar, ona görə də sabah boşanma məhkəmələri idi. Bu gecə bu hadisə baş verib. Bacımın 3 uşağı vardı”.

Hazırda faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq hərəkətləri davam edir.

Xalid Salmanbəyli


Müəllif:

Oxşar xəbərlər