Ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Goranboy rayon sakini, 1950-ci il təvəllüdlü Rza Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rza Qasımov 24 yanvar 2015-ci il tarixdə saat 21 radələrində yol hərəkəti qaydasını pozub. O, içkili vəziyyədə özünə məxsus “Mercedes Benz-230” markalı avtomobili idarə edib.
Rza Qasımov Samux-Gəncə avtomobil yolu ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən, həmin yolun Samux rayonu Qarayeri qəsəbəsindən keçən 1-ci kilometrliyində yolun kənarı ilə gedən piyada Bayram Qasımovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Ağır qəzanı törədən Rza Qasımov daha sonra hadisə yerindən qaçıb. Rza Qasımov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.
Rza Qasımov Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rza Qasımov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rza Qasımov apelyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin maddənin sanksiyası daxilində müəyyən edilmiş cəzadan daha yüngül 2 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Fikrət Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rza Qasımovun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov