Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun apelyasiya şikayəti üzrə məhkəməsinin vaxtı açıqlanıb. Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, apelyasiya şikayətinə avqustun 3-də baxılacaq.
Apelyasiya şikayəti hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin pul Mehman Səlimovdan tutulacaq.
Hökmdən narazı qalan Mehman Səlimov apelyasiya şikayəti verib. Mehman Səlimov apelyasiya şikayətində bildirib ki, nazirliyin ona qarşı qaldırdığı iddia əsassızdır. O, qeyd edib ki, nazirlikdə tikinti ilə bağlı ayrılan pullardan bir manat da olsun pul mənimsənilməyib. Mehman Səlimov həmçinin apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Hacı Zeynalov