Oğurluqda təqsirli bilinən Göyçay rayon sakinləri – Namiq Ömərov, Teymur Həsənov, Seymur Quliyevin məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Göyçay rayonun Potu kənd sakini, sahibkar İlqar Ömərovun evindən oğurluq edilib. O, rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzildən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri – 1990-cı il təvəllüdlü Namiq Ömərov, 1973-cü il təvəllüdlü Seymur Quliyev və 1986-cı il təvəllüdlü Teymur Həsənov saxlanılıb.
Məlum olub ki, ev sahibi İlqar Ömərovun oğlu Namiq Ömərov dostları ilə qabaqcadan əlbir olaraq atası evinə girib, onlar içərisində 139 min ABŞ dolları, 21 min manat pul, külli miqdarda qızıl-zinət əşyaları, 21 özəlləşdirmə çeki, xeyli sənəd, bank kartları olan dəmir seyfi oğurlayıblar.
Dostlar seyfin içindəkiləri götürüblər, sonra da seyfi Yuxarı Şirvan kanalına atıblar. Saxlanılan şəxslərdən 91 min 250 dollar, qızıl-zinət əşyaları və 21 özəlləşdirmə çeki maddi sübut kimi götürülüb.
Namiq Ömərov və onunla oğurluğu törədən dostları narkotik istifadəçisidir.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq) maddəsi ilə ittiham ediliblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Ömərov, Teymur Həsənov, Seymur Quliyevin hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov