Göygöl rayonunun Yeni Zod kəndində yaşayan 1973-cü il təvəllüdlü Müqabil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Müqabil Hacıyev 6 oktyabr 2015-cü ildə, saat 17 radələrində yaşadıqları Göygöl rayonunun Yeni Zod kəndindəki evin həyətində həyat yoldaşı mehriban Hacıyeva ilə mübahisə edib.
İşgəncə və islah işləri cəzası
Mübahisə zamanı Müqabil Hacıyev həyat yoldaşına işgəncə verib və daha sonra mətbəxdən götürdüyü bıçaqla Mehriban Hacıyevanın bel nahiyəsindən vuraraq, ona xəsarət yetirib.
Müqabil Hacıyev Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Göygöl rayon Məhkəməsinin hökmü ilə Müqabil Hacıyev aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1il müddətinə islah işləri cəzasına məhkum olunub.
“Məni döyüb, işgəncə verib”
Hökmdən narazı qalan Mehriban Hacıyeva apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin hökmünü ləğv edilməsini, Müqabil Hacıyev haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Mehriban Hacıyeva bildirib ki, təqsirləndirilən şəxs uzun müddətdir onunla dolanmır: “Əvvəllər mütəmadi olaraq heç bir səbəb olmadan mübahisə edərək məni döyüb, işgəncə verib”.
Zərərçəkmiş bildirib ki, əri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı ağır xəsarət alıb: “Hətta, hamiləlik vaxtı məni döyərək xəsarət yetirib. Mənim qolumu sındırıb. Bununla bağlı Müqabil bir dəfə, 20109-cu ildə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 150 manat cərimə cəzasına məhkum edilib, sonradan amnistiya qaydasında 2009-cu ildə cəzadan azad edilib”.
“Məni təhqir etməkdən əl çəkməyib”
Zərərçəkmiş qeyd edib ki, Göygöl Rayon Məhkəməsi təqsirləndirilən şəxs Müqabil Hacıyevi əvvəl məhkum edilmiş kimi hesab etməyib və ona yüngül cəza təyin edib: “Təqsirkar cəzadan azad olunmasına baxmayaraq, öz naqis hərəkətlərini davam etdirərək məni vaxtaşırı döyməkdən, təhqir etməkdən əl çəkməyib. Bütün bunlar təqsirkarın hələ də islah olunmadığını göstərir”.
“Cəzası həbs cəzası ilə əvəz edilməlidir”
Mehriban Hacıyevanın sözlərinə görə, Müqabil Hacıyev övladlarının gözü qarşısında ona bıcaqla xəarət yetirməsi cəzanı ağırlaşdıran hal hesab edilməlidir: “Hökmdə qeyd edilir ki, guya birinci instansiya məhkəməsində təqsirləndirilən şəxdən şikayətçi olmamışam. Lakin əksinə, təqsirləndirilən şəxsdən şikayətçi olduğumu bildirmişəm və ondan hazırda da şikayətçiyəm. Bundan başqa hökmdə qeyd edilir ki, təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağı olması yüngülləşdirici hal hesab edilir. Lakin məhkəmə nəzərə almayıb ki, uşaqlar hal-hazırda ana kimi mənim himayəmdədir. Hesab edirəm ki, təqsirləndirilən şəxsə verilən cəza yüngüldür və cəzası həbs cəzası ilə əvəz edilməlidir”.
“Məni ailə başçısı kimi saymayıb”
Müqabil Hacıyev bildirib ki, həyat yoldaşı Mehriban uzun illərdir onunla ailəli olmasına baxmayaraq, daim evdə, ailədə söz-söhbət yaradıb, uşaqlarını onun üstünə qaldırıb, onu ailə başçısı kimi saymayıb: “”Halbuki, ailə və uşaqlarıma yaxşı baxmağa və onları dolandılrmağa çalışmışam. Bu məqsədlə fərdi evlərdə fəhləliklə məşğul olmuşam. Hadisə baş verən vaxt evə gələrək Mehribanın yemək hazırlamadığını gördüm. Ondan niyə yemək hazırlamadığını soruşdum”.
“Mənimlə barışmaqdan imtina etdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman Mehriban onun üstünə hücum edib: “Mehriban məni söyüb-təhqir etdi. Mən də əsəb xəstəsi olduğum üçün özümü saxlaya bilmədim və əlimdəki mətbəx bıçağı ilə Mehribanı arxadan yavaş vurdum. Sonradan hərəkətimə görə peşman oldum. Arvadım ilə barışmağa cəhd etsəm də, o, imtina etdi. Mehriban məni məhkəməyə verərək boşandı. Üstəlik aliment iddiası da qaldırdı. Hazırda da hərəkətlərimdən peşmanam. Cinayət törətdiyimi bilirəm. Lakin qeyd etmək istəyirəm ki, bu cinayəti epilepsiya xəstəliyi ilə əlaqədar əsəbi vəziyyətdə törətmişəm”.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Mehriban Hacıyevanın həyat yoldaşının cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov