Xəbər verdiyimiz kimi, İstanbulun Beşiktaş ərazisində yerləşən otellərdən birində qalan kriminal avtoritet Rövşən Lənkəranski avtomobillə oteldən çıxan zaman naməlum şəxslər tərəfindən güllələnib.
Türkiyə mediası əvvəlcə onun həlak olması, daha sonra isə Şişli Etfal Xəstəxanasına aparılması və həkim nəzarətinə alınması haqda xəbərlər yayıb.
“Report” agentliyi isə Lənkəranskinin qohumlarına istinadən məlumat yayıb ki, avtoritetin qardaşı Namiq Canıyev hazırda Türkiyədədir. O, qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə məşğuldur. Hazırda Lənkəran şəhərində hüzr məclisinə hazırlıq işləri gedir. Yas məclisi Canıyevlərin Kiçik Bazar məhəlləsində yerləşən evlərində keçiriləcək. Lənkəranski həmin məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq.
Bundan başqa, Lənkəranski ilə uzaq qohumluq əlaqələrinə malik olan deputat Fəzail Ağamalı da Rövşən Lənkəranskinin öldürüldüyünü təsdiqləyib. Bununla belə ziddiyyətli xəbərlər yayılmaqda və Lənkəranskinin yaşadığı barədə xəbərlər yazılmaqda davam edir.
Teleqraf.com Şişli Etfal Xəstəxanasının qəbul şöbəsi ilə əlaqə saxlayaraq bu ziddiyyətli xəbərləri dəqiqləşdirməyə çalışıb.
Qəbul şöbəsindən deyiblər ki, Rövşən bəy yaşayır, lakin hazırda reanimasiya şöbəsinə yerləşdirilib və ciddi həkim nəzarətindədir.
Qəbul şöbəsinin xanım əməkdaşı deyib ki, hazırda Lənkəranskinin yanında kimlərin olduğu məlum deyil:
“Yanında kimlərin olduğunu bilmirəm. Lakin həkimlər məlumat vermirlər. Mən Azərbaycanın Konsulluğuna da xəbər verdim, gəlib buradan informasiya ala bilərlər. Yəqin ki, konsulluqdan bura gələcəklər. Hazırda Rövşən bəy yaşayır və həkim kontrolundadır”.
Qəbul şöbəsindən deyiblər ki, Lənkəranskinin qardaşının xəstəxanada olması haqda onlarda informasiya yoxdur: “Bu haqda bilmirəm. Mən yerimdən ayrıla bilmərəm. Reanimasiya ilə əlaqə saxladım və mənə Rövşən bəyin yaşadığını dedilər. Həkimlər telefonda məlumat vermirlər”.
Qəbul şöbəsindən həmçinin deyiblər ki, xəstəxananın qarşısında kimlərində toplaşması haqda xəbərsizdirlər: “Mən bunu görmürəm, otaqdayam. Burada polis məmurumuz var və istəyirsinizsə, sizinlə birləşdirə bilərik...”
Teleqraf.com Şişli Etfal Xəstəxanasının qəbul şöbəsi ilə telefon danışığının audio yazısını təqdim edir.
NEMƏT