Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Fəsad Mustafayevin cinayət işi üzrə məhkəmən prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 2-ci qrup əlilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrinin qanunsuz əməlləri barədə şikayəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin iyun ayından 5 saylı TSEK-in sədri vəzifəsində işləyən Fəsad Mustafayev həbs edilib.
Müəyyən edilib ki, Fəsad Mustafayev görmə qabiliyyətini itirmiş 2-ci qrup əlil olan Bakı şəhər sakininin əlillik dərəcəsinin təsdiq edilməsi üçün təkrar müayinənin və əlillik dərəcəsi üzrə təyinatın aparılmasına görə 2015-ci ilin noyabr ayında 1500 manat istəyib. Razılaşdırılmış 1200 manat pulu görmə qabiliyyəti həddən artıq zəif olduğuna köməklik etməsi məqsədi ilə qohumu ilə birgə gəlmiş şikayətçidən noyabrın 23-də xidməti otağında alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Fəsad Mustafayevin üzərində, xidməti otağı və avtomobilində həyata keçirilmiş baxış keçirilib. İstintaq hərəkətləri zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik bir sıra sənədlər aşkar edilərək maddi sübut qismində götürülüb.
Fəsad Mustafayev Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Fəsad Mustafayev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov