Günün ikinci yarısında Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Abdullayev prokurorun suallarını cavablandırıb.
Digər təqsirləndirilən Yusif Ələkbərov bildirib ki, 2001-2012-ci ilədək bankda çalışıb. O, Cahangir Hacıyevlə əlaqəsinin olmadığını deyib.
Kənan Orucovun sözlərinə görə, 2003-cü ildən 2015-ci ilə qədər Nəqliyyat filialının müdiri olub. O, qeyd edib ki, bankın mühafizə xidmətinin əməkdaşlarının adına 16 milyon 910 min manat kredit ayrılması barədə ona göstəriş verilib və kredit müqavilələri rəsmiləşdirilib.
Onun sözlərinə görə, bankın korporativ müştəriləri də olub. O, bildirib ki, əsasən, büdcə təşkilatlarına kredit ayrılması ilə bağlı Cahangir Hacıyevdən göstəriş alıb.
Təqsirləndirilən Məmməd Cahangirov bildirib ki, Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyevin adına verilən kreditlər Ukraynada Metal Emalı Zavoduna yönəldilirilib.
Cahangir Hacıyev bildirib ki, sürücüsünün adına ayrılan kreditlər Albaniya və Ukraynadakı armatur biznesinə qoyulub. Onun sözlərinə görə, Aydın Mehdiyev və Məmməd Cahangirov bu işi şərik görüblər: "Ancaq sonradan onların arasında problem yarandı, ona görə də Məmməd Cahangirovun iş yeri dəyişdirildi".
Bu zaman Cahangir Hacıyevlə Məmməd Cahangirov arasında mübahisə yaranıb. Məmməd Cahangirov deyib ki, həmin biznesə heç bir adiyyatı olmayıb.
Sonra təqsirləndirilən "İnter Security" MMC-nin direktoru işləmiş İbrahim Hüseynov ifadə verib.
Proses avqustun 29-da davam edəcək.
14.44
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə prosesinin tələsik keçirilməsinə etiraz edib.
O, bildirib ki, prosesin hər gün keçirilməsi ilə əlaqədar olaraq müdafiə prosesini düzgün qura bilmirlər. Hakim bildirib ki, istənilən vaxt təqsirləndirilən şəxslərlə vəkillərinin məsləhətləşmə aparmasına şərait yaradılacaq.
Daha sonra təqsirləndirilən Anar Sultanov ifadə verib. O, bildirib ki, baş idarənin göstərişi olmadan təminatsız 2000, təminatlı isə 5000 min manat kredit vermək səlahiyyəti olub. Onun sözlərinə görə, bu rəqəmdən yuxarı məbləğlər Kredit Komitəsi və İdarə Heyətinin qərarı ilə ayrılıb.
Sonra digər təqsirləndirilən İlqar Abdullayev ifadə verib. O bildirib ki, Cahangir Hacıyevi yalnız bir dəfə görüb: "Bu da İdarə Heyətinin iclasında olub. Mən heç bir mütəşəkkil dəstənin üzvü olmamışam. Yalnız İdarə Heyəti sədrinin müavinlərinin tapşırığını yerinə yetirmişəm".
Proses günün ikinci yarısında davam edəcək.
İttihama görə, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.
Hacı Zeynalov