2 Sentyabr 2016 11:04
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq rəis müavini Mübariz Mədətovun evindən seyf oğurlamaqda təqsirləndirilən Ruslan Nabatov və Ramil Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Ruslan Nabatov tanışı Ramil Bağırovla birlikdə 17 may 2016-cı ildə gecə saatlarında Mübariz Mədətova məxsus Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən bağ evindən içərisində 40 min evro və 10 min dollar olan dəmir seyfi talayaraq zərərçəkmişə külli miqdarda ziyan vurublar.

Mübariz Mədətovun həyətyanı evində təmir işləri aparıldığından evin açarı orada işləyən Anar adlı şəxsdə olub. Anar Zabirovun uşaqlıq dostu Ruslan Nabatov onun Mübariz Mədətova məxsus bağ evində işlədiyini bilib. Hadisə baş verən gün təsadüfən Anarla rastlaşan Ruslan onu bağ evinə aparıb. Ruslan otaqları gəzərkən dəmir seyf olduğunu görüb.

Seyfin içərisində pul olduğunu yəqin edərək onu oğurlamağı qərara alıb. Bu haqda dostu Ramil Bağırova təklif edib. Sonuncu da razılaşıb. Hər ikisi sözügedən ünvana gələrək seyfi oradan oğurlayıblar. Daha sonra maşını zibillik olan əraziyə sürüblər və seyfi sındırıaraq içərisindəki pulları bölüblər.

Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin məhkəməyə qatılmayıb. Hakim bildirib ki, Mübariz Mədətovun məhkəməyə polis vasitəsilə məcburi gətirilməsi barədə qərar qəbul edilib.

Bununla bağlı məhkəmə müvafiq qurumlara müraciət edib.

Proses sentyabrın 6-da davam edəcək.

Xatırladaq ki. Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes G Class” markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurub və ailənin iki üzvü vəfat edib. Bundan sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər