Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən bu günkü prosesdə Rüfət Səfərova hökm oxunub.
Teleqraf.com-un məlumatına görə, Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində polis nəzarəti qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbsə alınıb.
***
Günün ikinci yarısında Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, prosesdə Rüfət Səfərovun vəkili Bəhruz Bayramov məhkəmədən müdafiə çıxışı üçün vaxt verilməsi ilə bağlı yenidən vəsatət verib.
Vəkil bildirib ki, onun Lənkəran şəhərində və ətraf yaxın ərazilərdə ofisi və ya qalacağı yer olmayıb: “Buna görə də müdafiə çıxışı hazırlaya bilmirəm. Məhkəmədən müdafiə çıxışı üçün bir-neçə gün vaxt istəyirəm”.
Məhkəmə vəkilin vəsatətini təmin etməyib. Hakim vəkil barəsində məhkəməni qəsdən uzatması barədə xüsusi qərardad çıxarıb.
Hazırda proses davam edir.
***
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Asim Hacıyevin sədrlik etdiyi prosesdə müdafiə nitqi ilə çıxış etmək üçün Rüfət Səfərovun vəkili Bəhruz Bayramova söz verilib.
Vəkil çıxışa hazır olmadığı üçün hakimdən bir həftə vaxt istəyib. Hakim ona bir həftə yox, günün ikinci yarısınadək vaxt verib.
Bu səbəbdən proses günün ikinci yarısınadək təxirə salınıb.
Bundan əvvəl keçirilən prosesdə prokuror Rüfət Səfərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini, eyni zamanda zamində təqirləndirilən şəxsin məhkəmə zalından həbsini istəyib.
Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.
Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.
Hacı Zeynalov