Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Leyla Yunusun vəkili Elçin Sadıqov Teleqraf.com-a bildirib ki, Leyla Yunus və Arif Yunusun kasasiya şikayəti Ali Məhkəmədə hakim Hafiz Nəsibovun icraatına verilib.
Məhkəmə baxışı oktyabrın 26-na təyin edilib.
Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.
Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb.
Dekabr ayının 9-da isə Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb.
Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan Leyla Yunus və Arif Yunus kasasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.
Bu il aprel ayında Leyla Yunus və Arif Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər.
Hacı Zeynalov