Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, məhkəmə baxışı oktyabrın 28-nə təyin edilib
Hadisə bu il iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.
Qusar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.
Onlar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.
Hacı Zeynalov