Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə İlham Qasımovun vəkili jurnalistlərlə bağlı vəsatət verib.
Bildirib ki, onun müdafiə etdiyi şəxsin əleyhinə mediada materiallar dərc olunur, buna görə də jurnalistlər zala buraxılmasınlar.
Hakim bununla bağlı qanunvericiliyə uyğun addımlar atıla biləcəyini deyib, əlavə edib ki, hazırkı prosesə bunun aidiyyəti yoxdur: "Bu, açıq prosesdir, istənilən şəxs iştirak edə bilər".
Daha sonra şahid Sahib Cahangirli ifadə verib. Şahid deyib ki, 2013-cü ilin fevral ayında "Real MTK"da sədr kimi işə başlayıb: "2014-cü ildə sakinlərin köçürülməsi ilə məşğul oldum. Bir il sonra mənimlə tikinti şirkəti arasında müqavilə bağlandı. Şərt belə idi ki, binalar tikiləndən sonra mənə 10.5 milyon manatlıq ev verəcəkdilər, amma vermədilər.
Binəqədi Rayon Məhkəməsinə müraciət etdik, məhkəmə qərar verdi ki, mənə 4.5 milyon manat ziyan dəyib. İstintaqda ifadəmi təzyiq altında vermişəm. Kağızda yazılanları oxumamışdım".
Sahib Cahangirlinin sözlərinə görə, Gülağa Qəmbərov (Gülağa Tənha) tikinti üçün pul verəndə orada olub və pulların sayılmasında iştirak edib.
Hazırda proses davam edir.
***
Daha sonra Sahib Cahangirlinin məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ilkin ifadəsi elan edilib.
Bəlli olub ki, Sahib Cahangirli Bakı sakini Ziyəddin Bəşirovun evini almaq üçün ona 120 min manat versə də, sənədləşmədə bu, 5 min manat kimi qeyd edilib. Qalan sakinlərdən də evlər bu yolla alınıb.
Hakim niyə bu üsulla ev aldıqlarını soruşub, şahid sualı cavabsız qoyub. İlham Qasımov isə yerindən: "Hər şeyi öz üzərimə götürmüşəm, onu da mən etmişəm, pulu özüm götürmüşəm" deyib.
Sahib Cahangirli müstəntiqə ifadəsində deyib ki, bütün işləri dayısı İlham Qasımovun göstərişi ilə edib. O, istintaqda dayısı ilə üzləşdirilmədiyini bildirsə də, öz imzası ilə təsdiq olunan sənədlərdə üzləşdirildiyi aydın olub.
İlham Qasımov isə üzləşmə barədə sənədə özünün qol çəkdiyini deyib: "Mən müstəntiqə dedim ki, get yaz gətir, qol çəkəcəyəm".
Sahib Cahangir istintaq zamanı dindirilərkən müstəntiqin onu aldatdığını, sakinlərin isə yalan danışdığını bildirib.
Zərərçəkmiş Kamal Məmmədov ifadə verərək heç bir şikayətinin olmadığını deyib: "Pulu İlham Qasımovun oğluna verib ev almışam. Məni əvvəl ora-bura göndərdilər, indi tələbim yoxdu. Mən 4 il idi o evdə yaşayırdım, bir nəfə gəldi ki, bu evi mən almışam".
İlham Qasımov Kamal Məmmədovu birinci dəfə gördüyünü deyib: "Tutaq ki, pulu mən almışam. Hə, nə olsun? Evində yaşayırsan da. Bunların hamısını generalın tapşırığı ilə ediblər".
Kamal Məmmədov isə məhkəməyə niyə çağırıldığını bilmədiyini söyləyib. İlham Qasımov prosesdə özünü yaxşı hiss etmədiyini deyib.
Proses oktyabrın 28-də davam edəcək.
İttihama qeyd olunur ki, İlham Qasımov şair və iş adamı Gülağa Qəmbərovdan ( GülağaTənha) 19.5 milyon dollar alıb. O, pulu İlham Qasımova iş qurmaq adı ilə verib.
İlham Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb. Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.
Hacı Zeynalov