27 Oktyabr 2016 15:46
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Xalidə İsgəndərovanın apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçən prosesdə Xalidə İsgəndərovanın apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub.

Əvvəlcə anket məlumatları, daha sonra apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı noyabrın 10-na təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalidə İsgəndərova 18 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xalidə İsgəndərova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

İttihama görə, qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Bakıda Babək prospektində baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı evin həyətində, qarajın yanında qətlə yetirilib.

Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil qurbanının boğazını amansızlıqla kəsərək öldürüb. Qətlin digər təfərrüatları da məlum olub. Maskada olan qatil qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.

Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı tək imiş. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, qatilin maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb, bütün qızıl və pulları verəcəyini deyib. Bu səbəbdən qatil onu sağ buraxaraq hadisə yerindən qaçıb.

Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanın törətdiyi məlum olub. Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.

Qətldən əvvəl Füzuli İsgəndərov qızına toy edibmiş. Onun dəyəri 30 milyon manat olan mülkləri var.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər