31 Oktyabr 2016 12:51
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Hacıbaba Əkbərov ifadə verib.

Şahid bildirib ki, 2012-ci il avqustun axırından 2014-cü ilin yanvarınadək Binəqədi rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində böyük məsləhətçi işləyib. Onun sözlərinə görə, işlədiyi dövrdə yanan binada üzlənmə işləri aparılıb: "Mən icra hakimiyyətinə işə düzələndə artıq binalarda təmir işləri gedirdi. Mən də sifarişləri icra etmişəm".

Şahidin sözlərinə görə, binalarda təmir işlərinin sifarişçisi Binəqədi İcra Hakimiyyəti olmayıb: "Buna görə binada aparılan işlərə yaxından nəzarət etməmişəm, bu barədə mənə göstəriş verilməyib. Mənim başqa bir şirkətin gördüyü işə nəzarət etmək səlahiyyətim də olmayıb. Yalnız icra hakimiyyətinin sifarişi ilə görülən işləri nəzarətdə saxlamışam".

Şahid əlavə edib ki, bina və obyektlərdə təmir zamanı texniki işlərə nəzarət etmək onun səlahiyyətinə aid deyildi: "Mənim vəzifəm memardır. Mən ancaq memarlıqla bağlı işlər görmüşəm. Yanğın təhlükəsinə nəzarət edən icra hakimiyyətinin başqa şöbə və mütəxəssisləri var".

Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki, binada təmir Binəqədi İcra Hakimiyyətinin vəsaiti hesabına deyil, özünün şəxsi vəsaiti hesabına aparılıb.

Daha sonra şahidə Miryusif Mahmudovun vəkili İlhamə Həsənova suallar verib. Vəkil şahidi yalan danışmaqda suçlayıb və buna görə məsuliyyət daşıdığını xatırladıb. Hacıbaba Əkbərov yalan ifadə vetmədiyini deyib.

Bu məqamda təqsirləndirilən şəxslərin vəkilləri ilə hakim arasında mübahisə yaranıb. Mübahisə sakitləşdiriləndən sonra Hacıbaba Əkbərov qeyd edib ki, Azadlıq prospektində olan binada aparılan təmir zamanı işçi komissiyası yaradılmayıb, rayon ərazisindəki qeyri-yaşayış binaları icra hakimiyyətinin balansında olmayıb: "Onların hansı qurumun balansında olduğunu bilmirəm".

Şahid deyib ki, yanan binaya bitişik qeyri-yaşayış sahəsində aparılan təmir-tikinti işlərinə nə hazırkı icra başçısı Xaləddin İsgəndərov, nə də keçmiş başçı Alı Qocayev icazə verib. Şahid həmin işlərin kimin sifarişi ilə görülməsindən xəbərsiz olduğunu deyib.

Digər şahid Telman Adıgözəlov ifadəsində qeyd edib ki, yanan binada təmir işləri zamanı fəhlələrin briqadiri olub. Fəhlə toplayıb, daha sonra işə başlayıb: "Işə götürüləndə sənədə imza etmişəm. Amma sənədin nədən ibarət olduğunu bilməmişəm. Hər ayın tamamında əməkhaqqı almışam".

Telman Adıgözəlov bildirib ki, binaya poliüretanları onun gətirdiyi fəhlələr vurub: "Mən orada işə düzələndə Xanlar müəllim adlı iş icraçısı vardı. İşlərə o, nəzarət edirdi".

Qəzənfər Novruzovun vəkili Xanlar Bayramzadə Binəqədi Rayon İcra Hakimiyyətinin Tanrıverdiyev soyadlı işçisinin məhkəməyə çağırılması barədə vəsatət verib. Hakim bildirib ki, vəsatətə əsas şahidlərin dindirilməsini başa çatandan sonra baxılacaq.

Proses noyabrın 1-də davam edəcək.

Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında yanğın baş verib.Yanğından sonra bir neçə nəfər həbs olunub.

İttihama görə, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər