15 Noyabr 2016 13:17
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə Xətai rayon icra başçısının müavini Qafur Rəhmanov ifadə verib.


O, bildirib ki, icra başçısının müavini olmamışdan əvvəl Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəhbəri vəzifəsində çalışıb. Yanğın baş verən ərəfədə də MKTB-nin sədri olub.

Şahid deyib ki, yanğın baş verən binada üzləmə işləri aparılarkən o, sadəcə ərazidə təmizlik işlərinə nəzarət edib: "O bina bizim yox, Bakı Şəhər Departamentinin balansında idi. Binanın fasadlanması işləri Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə aparılırdı. Mənim işə müdaxilə etmək səlahiyyətim yox idi".

Hakim xatırladıb ki, Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə məktub daxil olub ki, həmin ərazidə binaların üzlənməsi sifarişini onlar verməyiblər.

Qafur Rəhmanov daha sonra əlavə edib ki, icra başçısının müavini təyin olunandan sonra yanğından zərər çəkmiş vətəndaşların qəbulunda işfirak edib: "Mənzilləri tam yanan və ya qismən zərər görənlər qəbula gəlirdi. Mənzilləri tam yananlara birdəfəlik maddi yardım verildi. Tüstüdən, sudan zərər görmüş mənzil sahiblərinə də köməklik edildi".

O, yanğının hansı səbəbdən baş verməsi ilə bağlı suala cavab verə bilməyəcəyini söyləyib. Hakim şahidin istintaqa da eyni ifadə verdiyini bildirib.

Yanğın baş verən binanı üzləyən TNH şirkətinin əməkdaşı olmuş Oruc İsmayılov deyib ki, şirkətdə qeyri-rəsmi çalışıb, 600 manat əmək haqqı alıb.

Şirkətin təchizat şöbəsində təchizatçı işlədiyini bildirən şahid nə iş gördüyü barədə belə danışıb: "Zığ yolunda üzlənən binalara lazımi materialları mən aparırdım. Sifarişi sahə rəisindən alırdım. Mühasibatlıqdan pulu alıb, bazara gedirdim. Nə lazım olurdusa, alırdım".

O, poliuretan məhsulların istehsalında və daşınmasında heç vaxt iştirak etmədiyini söyləyib.

Şahidin ifadəsi başa çatdıqdan sonra hakim Eldar İsmayılov bildirib ki, iş üzrə 17 şahid tanınıb, onlardan 15-i dindirilib. Hakim tərəflərin etirazı olmadığı halda şahid dindirilməsi mərhələsinin məhdudlaşdırılmasını istəyib.

Etiraz və əlavə şahidlər olmadığından sənədlərin tədqiqi mərhələsinə keçilib. Hakim bildirib ki, tədqiqi vacib olan bir çox sənədlər var.

Prosesi noyabrın 22-də davam edəcək.

İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi yanğınla nəticələnib.

Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar. Nüsrət Muxtarov iyulun 13-də saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər