Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə əlavə şahid qismində Rasim Qəhrəmanov ifadə verib.
Şahid bildirib ki, Miryusif Mahmudovun şəxsi sürücüsü olub: "Binada yanğın baş verən günü Miryusif Mahmudovla yolda idik. Miryusif müəllimə zəng gəldi və yanğın baş verdiyi bildirildi. Bizdə ora getdik.
Miryusif müəllim bir qədər sonra qayıdıb gələrək maşına əyləşdi, dərman qəbul etdi, evə yollandıq. Telefona zəng gələndə dedi ki, ofisə sür, ora MTN əməkdaşları gəlib. Maşını ora sürdüm. Ofisin qabağında naməlum şəxslər vardı. Bir qədər sonra Miryusif müəllim və daha iki nəfər maşına əyləşdi.
Miryusif müəllimin göstərişi ilə maşını MTN-nin qabağına sürdüm. Ora da Miryusif müəllim düşəndə dedi ki, gözləmə, uşqaların məktəbdən çıxan vaxtıdır, onlarl götür. Mən də oradan getdim. Axşam saat 5 radələtində Miryusif müəllim zəng vurdu və Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin qabağına gəlməyimi istədi. Saat 10-a kimi orada Miryusif müəllimi gözlədim".
“Qlobal Stone” MMC-nin ofisində mühafizəçi işləmiş digər şahid Elbrus Sultanov bildirib ki, girişdə nəzarətçi olub. Yanğın baş verən günü ofisə 4 nəfər gəlib: "Kim olduqlarını soruşdum, vəsiqə göstərərək MTN əməkdaşı olduqlarını bildirdilər. Ön qapıdan 4 nəfər içəri keçdi, kənarda dayananlar da vardı. Cəmi 12 nəfər idilər. Ofisdən sənədləri götürdülər, sonra axşam tərəfi Baş Prokurorluğun əməkdaşları ofisdə axtarış apardılar".
Miryusif Mahmudov bildirib ki, hadisədən bir ay əvvəl həm telefonu dinlənilib, həm də izlənilib: "Izlənməyimi sürücüm də bilib. Sürücümə deyirdim ki, bizi izləyəni dolaşdır, izləyə bilməsin".
Rasim Qəhrəmanov bildirib ki, onları qara maşınla izləyiblər.
Şahid Zaur Əbilov bildirib ki, “Qlobal Stone” MMC-də menecer işləyib, şirkətin baş direktoru İlqar Vəliyevi tanıyıb. Onun sözlərinə görə, təsisçilər şirkətə işçi götürməsinə, maliyyə məsələlərinə və iş planlarına qarışmayıblar.
Şahid bildirib ki, yanğın baş verən günü ofisə MTN əməkdaşları gəlib: "Onları ofisdə İlqar müəllim qarşıladı. Yarım saat sonra Miryusif müəllim gəldi, 15 dəqiqə sonra bayıra çıxdılar. İlqar müəllim bildirdi ki, şirkətin baş direktoruyam, məni aparın. Dedilər, bizə Miryusif müəllim lazımdı. Saat yarım sonra prokurorluq əməkdaşları gəldi, yoxlama apardılar".
“Qlobal Stone” MMC-də mühafizəçi işləyən şahid Samir Əsgərov bildirib ki, yanğın hadisəsi baş verən günü ofisə gəlib: "Məni ofisin girişində qarşılayanlar bildirdilər ki, MTN əməkdaşıyıq, ofisə giriş bağlıdı".
Proses noyabrın 22-də davam edəcək.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Gi tr Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Hacı Zeynalov