Bakıda kafedə oğurluq etmək istəyən şəxslər polis mayorunu bıçaqlayıb.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə ötən gecə Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafedə baş verib.
1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı, 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib.
Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçmaq istəyib.
Namiq Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Əhmədyar Məhərrəmovun qolundan tutub. Onlar arasında əlbəyaxa dava düşüb. Əhmədyar Məhərrəmovun küçədə gözləyən hələlik adı bilinməyən tanışı da davaya qoşulub və Namiq Abdullayevi döyüb. Münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb.
Əhmədyar Məhərrəmov və adı istintaqa məlum olmayan şəxs bıçaq çıxararaq Namiq Abdullayevə, Arif Cəbrayılova və Kamil Məsimova bıçaq xəsarətləri yetirərək ərazidən qaçıblar.
Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Namiq Abdullayev və Arif Cəbrayılovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İdarənin 16-cı Polis Bölməsinin əməkdaşları Əhmədyar Məhərrəmovu saxlayıb. Digər şəxsin axtarışlarına başlanılıb. Namiq Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir. Hadisə vaxtı o xidmətdə olub.