Günün ikinci yarısında ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Nardaran sakini Yusif Fərəcov şahid qismində ifadə verib.
Şahid bildirib ki, istintaq zamanı ondan Əbülfəz Bünyatovun evində olub-olmamasını soruşublar: “Cavab verdim ki, bir dəfə olmuşam. Başqa nəsə danışmamışam. Sonra ifadəmi imzalamağı tələb etdilər. Mən oxumaq istəyəndə imkan vermədilər”.
Şahidin istintaq zamanı verdiyi ifadə elan edilib. O, ifadəsində bildirib ki, 2015-ci ilin may ayında Taleh Bağırovun Nardaranda Əbülfəz Bünyadovun evində qaldığını eşidib: “Eşitdim ki, Taleh Bağırov dini söhbətlər edir, camaat başına yığışır. Mən də ona qulaq asmaq üçün bir neçə dəfə həmin evə getdm. Taleh Bağırov kənddən çıxmırdı. Yanındakılar onu müdafiə edirdilər. Deyirdilər ki, oraya gələnlər Müsəlman Birliyinin üzvləridir.
Eşitmişdim ki, Abbas Hüseynov Taleh Bağırovun əsas müdafiəçisidir. Elə bilirdim ki, onun təşkilatı yaxşı işlərlə məşğul olur”.
Şahid qeyd edib ki, bu səbəbdən Müsəlman Birliyinə üzv olmaq üçün sənəd verib: “Əbülfəzin evində silah-sursat, dəyənək, beşbarmaq, həyətdə daş parçaları var idi. Taleh Bağırov deyirdi ki, biz hakimiyyətlə barışmamayacağıq və lazım gəlsə müqavimət göstərəcəyik. Canımızdan keçməyə hazırıq”.
Yusif Fərəcov bundan əvvəlki prosesə gəlməməsinin səbəbini belə izah edib: “Məni 42-ci polis bölməsinin rəisi Tərxanın yanına apardılar. O dedi ki, poçt vasitəsi ilə məhkəməyə məktub göndər, iclasa getmə. Mən də dedim, gedib ifadə verəcəyəm. Mənim şəxsiyyət vəsiqəmi orada aldılar. Bir gün bölmədə saxladıqdan sonra buraxdılar.
Saxlanmağımı oğurluqla əlaqələndirdilər. Dedilər ki, Ləhic bağlarında oğurluq olub, səndən şübhələnib saxlamışıq, soruşan olsa belə deyərsən”.
Məhkəmədə şahidin iclasa gəlməsinə mane olan polis əməkdaşları barəsində tədbir görülməsi və faktın araşdırlması üçün Bakı şəhər Prokurorluğuna müraciət haqda qərar qəbul edilib.
Fuad Qəhrəmanlı isə bildirib ki, dəfələrlə onun epizodu üzrə olan şahidlərin iclasa məcburi gətirilməsini istəsə də, bu, təmin edilmir. O, bildirib ki, bütün şahidlər gəlib məhkəmədə ifadə verməlidirlər.
Bu zaman Taleh Bağırov hakimə konfet vermək istəyib. Bu isə hakim tərəfindən narazılıqla qarşılanıb. O, təqsirləndirilən şəxsləri nizam-intizama dəvət edib. Taleh Bağırov ona rüşvət yox, konfet təklif etdiyini deyib.
Fuad Qəhrəmanlı bildirib ki, hakim təqsirləndirilən şəxslərlə aqressiya ilə danışır. Hakim Əlövsət Abbasov isə aqressiya ilə danışmadığını, onları qaydalara əməl etməyə çağırdığını deyib.
Daha sonra iclasda Nardaran sakini Allahverdi Hadıyev şahid qismində ifadə verib. O, yazıb-oxumaq bilmədiyini, istintaq zamanı yalnız özü haqqında danışdığını deyib: “Məndən harda yaşamağımı, evli ya subay olmağımı soruşublar. Heç nəyi oxumamamışam və imzalamamışam”.
Allahverdi Hadıyev də bir neçə gün əvvəl 42-ci Polis bölməsi əməkdaşları tərəfindən saxlanıldığını, oğurluqda şübhəli bilindiyini deyib: “Dedilər bağda oğurluq olub. Sonra oğruları tapdılar, məni buraxdılar”.
Prokuror və vəkillərin sualların cavablandıran şahid bildirib ki, Əbülfəz Bünyadovun evində çoxdan olub: “Mən orada olanda Taleh Bağırov yox idi, silah görməmişəm”.
Hakim onun ifadəsini elan etməyi təklif edib.
Şahid Allahverdi Hadıyev istintaqa verdiyi ifadəsində göstərib ki, Taleh Bağırovu din adamı kimi bir neçə ildir tanıyır: “Taleh həmişə bizim kəndə gedib-gəlib, Əbülfəzin evində qalıb. Taleh Bağırovun rəhbərliyi ilə Müsəlman Birliyi Hərəkatı yaradılıb və həmin hərəkata üzvlər toplanıb. Son vaxtlar eşitdim ki, Taleh Bağırov və onun tərəfdaşları özləri üçün qəzet buraxırlar, həmçinin Taleh Bağırovun müraciəti olan kitabçalar nəşr edilib, camaata paylanır”.
Şahid daha sonra qeyd edib ki, onun özü də bir nardaranlı kimi əvvəllər Taleh Bağırova çox inanıb, söhbətlərinə, çıxışlarına qulaq asıb: “Son zamanlar Taleh Bağırov bir az dindən danışıb, sonra dövlət əleyhinə çıxışlar edərək dövləti devirməyə, yeni dini hökümət qurmaqa çağırırdı. 25 noyabr 2015-ci il tarixdə Əbülfəzin evinin həyətində olan zaman Talehin ətrafındakı adını bilmədiyim şəxslərdən biri məni birliyə üzv olmağı təklif etdi və bir kitabça verərək Talehin müraciətlərini oxumağı tapşırdı.
Həmin kitabçanı oxuyarkən insanları dövlətə, hakimiyyətə qarşı çıxmağa çağırışların olduğunu bildim. Əbülfəzin evinin yanında olarkən ətrafda Taleh Bağırovun tərəfdaşlarını, Əbülfəzin evinin kənarında isə çoxlu silah-sursat, daş, dəmir parçaları, işərisində partlayıcı maye olan qablar görmüşəm”.
Şahid ifadəsində göstərib ki, Taleh Bağırovun tərəfdaşları arasında söhbətlərdən məlum olub ki, onlar hazırlıq görürlər, kəndə polislər gəlsə, polislərə topladıqları daş parçaları, silah və partlayıcı qablarla hücum etsinlər: “Onların polisə qarşı hücuma hazırlaşdıqlarını gördüyüm üçün oradan uzaqlaşdım”.
Vəkil Yalçın İmanov isə şahid Yusif Fərəcovu dindirən müstəntiq İsmayıl Əliyev, Allahverdi Hadıyevi dindirən müstəntiq Fikrət Quliyev və 42-ci Polis Bölməsinin rəisi Tərxan adlı şəxsin iclasa çağrılmaları barədə vəsatət verib.
Hakim bildirib ki, hazırkı mərhələdə əlavə şahid məsələsi müzakirə edilmir.
Vəkil Yalçın İmanov ötən iclas zamanı ifadə verən polis əməkdaşı Emin Babayevlə bağlı da vəsatət verib.
Vəkil bildirib ki, o, iclasda yalan ifadə verib və bununla bağlı onda sübutlar var. Vəkil onun barəsində cinayət işi başlanılması üçün prokurorluğa müraciət edilməsini istəyib.
Hakim isə deyib ki, ifadənin yalan olması məhkəmə hökmü zamanı qiymətləndirilir və buna sonra qiymət veriləcək.
Hakimin sözlərinə görə, Nardaranda baş vermiş hadisələr zamanı ölən polislərin nümayəndələri ikinci dəfə məhkəməyə müraciət ediblər: “Onlardan biri səhhəti, digəri işi ilə bağlı məhkəməyə gələ bilmirlər”.
Proses noyabrın 30-da davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərin bəzilərinin vəkilləri gəlməyib.
Hakim elan edib ki, proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov