“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifovun törətdiyi cinayət əməlləri nəticəsində zərər çəkmiş vətəndaşlar Prezident İlham Əliyev və ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıblar.
Həmin müraciətin bir nüsxəsi Teleqraf.com-un redaksiyasına göndərilib.
Zərərçəkmişlər bu dəfə Zal Yusifova havadarlıq edən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbər şəxslərindən şikayət ediblər: “Biz keçmiş MTN-nin İstintaq Baş İdarəsinin 2008-2009-cu illərdə apardığı 613 saylı cinayət işinin qanunsuz və ədalətsiz aparılması nəticəsində var-yoxumuzdan olmuşuq.
MTN-də min cür əzab-əziyyətlərə məruz qalmışıq, şantaj və hədə-qorxularla üzləşmişik, zərər görmüş yüzlərlə Azərbaycan ailəsi həmin 613 saylı cinayət işini araşdırmış istintaq qrupunun rəhbərlərinin ifşasından sonra bu işdə ədalətin bərpa olunacağına inanırıq”.
Zərərçəkmişlərin sözlərinə görə, 613 saylı cinayət işinin istintaqı zamanı istintaq qrupunun rəhbəri, MTN işçisi Vüsal Ələkbərov etiraf edib ki, bu iş üzrə zərərçəkmişlərə zərərin ödənilməsinə məsuliyyət daşımalı olan “Texnikabank”ı təmizə çıxarmaq və zərərçəkmişlərə dəyən ziyanın ödənilməsini başqa səmtə yönəltmək əsas məqsədləri olub: “Vüsal Ələkbərovun bu məqsədinin arxasında hansı mənafeyin dayandığı hamıya məlum idi. Həm də bu iş üzrə məhkəmə araşdırmaları zamanı Vüsal Ələkbərov öz çirkin əməllərindən əl çəkməyib. O, məhkəmələrə MTN adından məktub göndərib, məhkəmələrə təsir göstərib.
Təəsüflə qeyd etmək istəyirik ki, məhkəmə instansiyalarının bəzi hakimləri Vüsal Ələkbərovun bu qanunsuz əməlləri ilə nəinki razılaşıb, hətta öz mənafeləri naminə onunla əməkdaşlıq da ediblər”.
Şikayətçilər qeyd ediblər ki, 613 saylı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb: “Hakim Əlövsət Abbasovun sədrliyi ilə aparılmış bu məhkəmədə zərərçəkmişlərin iradələrinə zidd olaraq, zərərçəkmişlər tərəfindən bu iş üzrə təqsirləndirilən şəxslərə qarşı heç bir iddia irəli sürülmədən belə, Vüsal Ələkbərov kimi hakim də zərərin ödənilməsinə məsuliyyət daşımalı olan “Texnikabank”ı təmizə çıxarmaqla bilərəkdən ciddi qanun pozuntularına yol verib.
Hakim Əlövsət Abbasovun bu iş üzrə verdiyi hökmdən zərərçəkmişlər apelyasiya şikayətləri veriblər, apelyasiya instansiyası məhkəməsinin hakimləri hökmdə olan qanun pozuntularına göz yumaraq, hökmü qüvvədə saxlayıb.
Bundan sonra biz zərərçəkmişlər kasasiya şikayəti vermişik. Kasasiya instansiyasında bu iş üzrə ayrı-ayrı vaxtlarda, ayrı-ayrı hakim kollegiyaları tərəfindən baxılaraq 4 qərar verilib. Həmin qərarların 4-də də hökmdə ciddi qanun pozuntularının olduğu qeyd edilib”.
Sonda zərərçəkmişlər Prezident İlham Əliyevdən belə xahiş ediblər: “Biz zərərçəkmişlər yuxarıda qeyd olunan məmurların öz mənafelərini güdərək ədalətsiz qərarlar qəbul etmələri nəticəsində 9 ildir əzab -əziyyət çəkirik. Hazırda bu iş Ali Məhkəmədə hakim İlqar Hüseynovun icraatındadır və fevralın 1-də baxılması nəzərdə tutulub. Sizdən xahiş edirik ki, bu məhkəmə işində qanuni və ədalətli qərarın qəbul edilməsində biz zərərçəkmişlərə kömək edəsiniz”.
Qeyd edək ki, Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.
Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.
2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.
Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib.
Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.
Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq Zakir Yusifov yenə də şikayətçidir.
O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib.