“İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 75 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 37 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarış işinin nəticələri müqayisə edilən dövrə nisbətdə 2,4 faiz yaxşılaşaraq 71,5 faiz təşkil edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, müxtəlif cinayətlər törətmiş 13.911, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2429 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub: “Mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2755 cinayət törətmiş 1032 qrup zərərsizləşdirilib”.
Daxili işlər naziri qeyd edib ki, dövlətin iqtisadi təhlükəsizliyinin qorunması kimi xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 33 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb: “Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 47 min manat, 10 min ABŞ dolları və 9 min 500 avro olan 931 ədəd müxtəlif nominalda saxta əskinas, habelə istifadə müddəti ötmüş 35 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb. Bununla yanaşı, valyuta qanunvericiliyinin tələblərini pozmaqla ümumilikdə 195.650 ABŞ dolları və 30.000 avro satan 7 şəxs saxlanılıb, toplanmış materiallar aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib, daha 262 şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb”.
Hacı Zeynalov