10 Fevral 2017 16:08
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərin hökmündən apelyasiya şikayəti verilib.

Teleqraf.com-un məlumatına görə, müdafiəçilər apelyasiya şikayətlərini Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim ediblər.

Müdafiəçilər təqsirləndirilən şəxslərin barəsində bəraət hökmü istəyirlər. Apelyasiya şikayətləri yaxın günlərdə cinayət işi ilə birlikdə araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndəriləcək.

Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, qurumun daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.

“Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı 10 il və birliyin üzvləri Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyevin hər biri 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Daha bir qrup - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi hakim Zeynal Ağayevin icraatında davam edir.

Başqa bir icraatda daha 10 nəfərin işi hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Burada “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyev mühakimə olunurlar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər