Bərdə rayonu İcra Hakimiyyətinin sabiq işçisinin qətlini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova, onun atası Rasim Süleymanov, cinayəti icra edənlər - Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ittihama görə, ötən ilin aprelin 11-də, saat 05.30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib.
Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə qabaqcaqdan əlbir olub Hüseyn Qasımovu 40.000 manat müqabilində öldürmək barədə razılığa gəlib.
Aprelin 11-də Hüseyn Qasımov binadan çıxaraq avtomobilinə oturmaq istəyib. Bu zaman Ramil Hüseynli “Kalaşnikov” markalı avtomat silahdan Hüseyn Qasımova bir neçə atəş açıb. O, qətl sifarişini başa çatdıra bilməyib. Daban nahiyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Bundan başqa Günel Süleymanova atası Rasim Süleymanovla qabaqcadan əlbir olaraq Hüseyn Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini vəd edərək külli miqdarda pulunu ələ keçiriblər.
Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun daha bir cinayəti “AS Club” barında olub. Onlar barın sahibini döyüblər.
Keçirilmiş əməliyyat nəticəsində Ramil Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd “AKM” markalı avtomat silah və içində 22 ədəd patron olan daraq aşkar edilərək maddi sübut kimi götürülüb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə),186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham edilirlər.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, sabiq məmur Hüseyn Qasımov ifadə verib və bildirib ki, təqsirləndirilən Günel Süleymanova ondan 33 min manat pul alıb. O, qeyd edib ki, oğlu Orxan Qasımov bu hadisədən əvvəl həbsə düşüb və Günel Süleymanova onun oğlunu həbsdən xilas etmək üçün bu qədər pul alıb: “Oğlum həbsdədir. Bizdən şikayətçi olan tərəflə barışıq ərizəsi alacağını deyərək bu qədər pulu məndən aldı. Şikayətçi olan tərəf Bərdədən olan Xaləddin müəllimdir. Günel dedi ki, Xaləddin müəllimlə görüşüb və danışıb. Günel deyirdi ki, təhsil naziri Mikayıl Cabbarovun qardaşı onların qohumlarının qudasıdır. Xaləddinin nömrəsini də məndən aldı. Guya aramızda barışıq edəcəkdi”.
Daha sonra prosesdə sabiq məmur Günel Süleymanovanın 40 min manata killer tutması ilə bağlı suallara belə cavab verib: “Bu, çox maraqlıdır. Mənim pulumu vermədiyi üçün onu sıxışdırdım. Pulumu tələb edirdim. Xaləddin müəllim də, yoldaşı da rayonda deyirdi ki, görsünlər biz onun başına nə oyun açacağıq. Xaləddinlə yanımda danışmayıb. Xaləddinin nömərsini də ona mən vermişdim”.
Hakim daha sona təqsirləndirilən Günel Süleymanovaya sual verərək Hüseyn Qasımovu öldürtmək istəməsinin səbəbini soruşub. Günel Süleymanova onu öldürmək fikiri olmadığını deyib: “Onunla aramızda söyüş olmuşdu. Buna görə də döydürtmək məqsədim olub”.
Sifarişi həyata keçirən Ramil Hüseynli bildirib ki, Güneldən məhkəmədə həqiqəti danışmasını istəyib: “Günel mənə dedi ki, bir söhbət var, onu yoluna qoya bilərsən? Bir nəfəri döymək lazımdı. Mən də razılaşdım. Fikrim bu idi ki, pulu fırladım. Görüşəndə soruşdum ki, nə mövzudur? Mənə dedi ki, bir nəfər var bərdəlidir, onun oğlunun işini həll eləmişəm, amma pulu vermək əvəzinə məni aldadıb və zorlayıb, sonra da videoya çəkib. Ondan qisas almaq istəyirəm”.
Ramil Hüseynli bildirib ki, əvvəlcə Güneldən bu işi görmək üçün 50 min manat istəyib, sonra isə 40 min manata razlaşıblar: “Dedim ki, sən 33 minlik işə görə 40 min verirsən? Dedi ki, mənə pul yox, videonun olduğu disk lazımdır. Mən də uşaq deyiləm, neçə il yatıb çıxmışam. Həmin ərəfədə də uşağımı xəstəxanaya aparmaq istəyirdim. Təcili pul lazım idi. Dedim, nə verə bilərsən? Dedim ki, döyə bilərəm, pulu ver, gedim avtomat alım, onu qorxudum. Dedi ki, hələ pul yoxdur. Ondan 2500 manat istədim. O, mənə 1200 manat verdi, qalan pulu da ertəsi gün verəcəyini bildirdi. Dedim, bəs sən mənə 40 mini necə verəcəksən? Maya qədər verəcəyini söylədi. Sonra qayıtdı ki, əgər bu iş xuliqanlıqla olsa, güləşçi Xəzər İsayev mənim tanışımdı, sənə kömək edəcək. Sonra Günel onu avtomatla vurmamağımı tapşırdı”.
Ramil Hüseynli qeyd edib ki, o, silahlanaraq Hüseynin evinin qabağına gedib: "Gözlədim ki, Hüseyn evdən çıxsın. O, evdən çıxaraq telefonla danışa-danışa dayanacağa tərəf gedəndə atəş açdım. Onun getdiyi yolun əksinə atdım. Onu qorxutmaq istəyirdim”.
Hüseyn Qasımov qeyd edib ki, ağacın arxasında gizlənməsəydi, güllələr ona dəyə bilərdi. Sabiq məmurun bu sözlər Ramil Hüseynlini qəzəbləndirib. O, qeyd edib ki, gülləni atanda Hüseyn Qasımov əks istiqamətdə olub: “Nə deyirsən, istəsəydim elə 8 gülləni sənin qarnına doldurardım. Bu əlimi görürsən? Bilirsən niyə əyridir? Burun, diş, qabırğa qırmaqdan. Mən özüm səni vurmadım ki, oğlun həbsdədir. Onun yanına gedəndə utanmayam. Namusuma tüpürüm, yalan deyirəmsə. Başımı xarab eləmə. Deyir ki, mənə güllə atıb, sən kimsən ki, güllə də atım? Bütün başımı xarab elədin”.
Qeyd edək ki, məhkəmə proseslərindən birində Günel Süleymanova demişdi ki, Hüseyn Qasımovu döyməyi və gözünün odunu almağı Ramil Hüseynliyə tapşırıb. Onun dediyinə görə, sabiq məmur hadisədən bir müddət əvvəl onunla cinsi əlaqədə olub və bunu gizli şəkildə lentə alıbmış. Günel həmin diski Hüseyn Qasımovdan almaq istədiyini söyləmişdi.
Məhkəmə prosesi martın 16-da davam edəcək.
Hacı Zeynalov